...

Vaşinqton Suriyanın xarici işlər nazirinin müavini ilə danışıqlar aparacaq

Dünya xəbərləri Materials 28 Sentyabr 2009 20:55 (UTC +04:00)

Suriyanın xarici işlər nazirinin müavini Feysəl Mikdad ABŞ-Suriya əlaqələrinin yaxşılaşmasına dair danışıqların davamı üçün Vaşinqtona dəvət edilib. Аssociated Press agentliyi məlumat verir.

Mikdad Vaşinqtonun Dəməşqdən səfirini geri çağırdıqdan sonrakı son beş il ərzində Suriyadan ABŞ-a səfər edən ilk yüksək vəzifəli şəxs olacaq.

Mikdad BMT Baş Assambleyasının 64-cü iclasında iştirak etmək üçün gəldiyi Nyu-York şəhərindən danışıqlar üçün Ağ Evə yollanacaq.

Suriya diplomatının səfəri ölkələr arasında mart ayından başlanan əlaqələrin yaxşılaşması prosesinin davamı olacaq.

Yazda Ağ Evin yüksək vəzifəli məmuru Cefri Feltman və Milli Təhlükəsizlik Şurasının üzvü Deniyel Şapiro Suriyaya səfər ediblər. Sonra ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel də Suriya Prezidenti Bəşşər əl-Əsədlə danışıqlar aparıb.

ABŞ, həmçinin iki dəfə Suriyaya İraqda vəziyyətin stabilləşməsi üzrə əməkdaşlığın müzakirə edilməsi üçün hərbi nümayəndə heyətini göndərib. ABŞ yaxın zamana qədər Suriyanı terroristləri öz sərhədlərinə buraxmasına görə ittiham edirdi. Lakin Suriya bu ittihamları qəbul etmirdi.

ABŞ, Suriyanı həmçinin "Hizbullah" və HƏMAS hərbi hərəkatına dəstək göstərməkdə ittiham edir və Suriyanın İranla sıx əməkdaşlığına mane olmağa çalışır.

Suriyalılar da ABŞ-ı 1967-ci ildə altı günlük müharibə zamanı işğal edilən Cövlan yüksəkliklərinin qaytarılması ətrafında İsraillə danışıqlara sövq etmək istəyirlər. Əlaqələrin yaxşılaşması Vaşinqtonun Suriyaya tətbiq etdiyi iqtisadi və diplomatik sanksiyaların da ortadan qaldırılmasına kömək edəcək.

Xəbər lenti

Xəbər lenti