İran Prezidenti bildirib ki, Ərdoğanın sionistlərə qarşı tutduğu mövqe dünya xalqlarını sevindirib.
İran Prezidenti Mahmud Əhmədinejad Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanla Tehranda görüşü zamanı bildirib ki, iki qonşu ölkə ikitərəfli iqtisadi-siyasi əməkdaşlıqlarını artırmalıdırlar, baxmayaraq ki, düşmənləri bunu istəmirlər. "Bizlərə xaricdən olan təzyiqlər, xarici qüvvələrin regionda olması nəticəsindədir, onlar region ölkələrinin daxili məsələlərinə müdaxilələrini artmağa çalışırlar", - deyə oktyabrın 27-də Əhmədinejad bildirib. Bu barədə İran Prezident Aparatının rəsmi saytı məlumat yayıb.
Türkiyə Baş naziri çərşənbə axşamı tərkibində iqtisadçılar olan 100 nəfərlik heyətlə Tehrana səfər edib. Səfər ərəfəsi Ərdoğan "Guardian" qəzetinə müsahibəsində Türkiyə və İran arasında qardaşlıq münasibətlərinin olması barədə bildirib.
İki ölkə arasında ticarət dövriyyəsi ildə 13 milyard dollar təşkil edir və bu rəqəmi 20 milyarda çatdırmaq nəzərdə tutulur. İran Türkiyəyə ildə təxminən 10 milyard kubmetr qaz ixrac edir.