İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinin icra başçısı İbrahim Məhəmmədlu bildirib ki, Xoy şəhəri prokurorunun qətli ilə bağlı üç nəfər şübhəli şəxs qismində saxlanılıb. Məlumatı İran televiziyasının rəsmi xəbər saytı "iribnews" yayıb.
Məhəmmədlu əlavə edib ki, xüsusi qrup iş üzrə araşdırma aparır. Onun sözlərinə görə, Hacı Quluzadənin dəfn mərasimi sabah keçiriləcək.
İranın Qərbi Azərbaycan əyalətinin baş prokuroru Məhəmməd Musəvi bildirmişdi ki, yanvarın 18-də qətlə yetirilmiş Xoy şəhərinin prokuroru Vəliyullah Hacı Quluzadə bir neçə gün əvvəl "Pejak" terrorçu qruplaşması tərəfindən təhdid edilib.
Musəvi əlavə edib ki, Quluzadə əks-inqlabçı qruplaşmalar (İranda həmin qruplaşmalardan biri "Pejak" hesab olunur) və əxlaqsızlara qarşı fəal işlər aparırdı və çox ehtimal ki, bununla əlaqədar olaraq öldürülüb.
İranın Xoy şəhərinin prokuroru Vəliyullah Hacı Quluzadə yanvarın 18-də təxminən gecə saat 20.00 radələrində evinin qarşısında qətlə yetirilib. "Pejo" markalı avtomobildəki şəxslər Quluzadəyə atəş açaraq hadisə yerindən qaçıblar. MEHR agentliyinin məlumatına əsasən, "Pejak" quruplaşması hadisəni törədiklərini öz üzərinə götürüb.