İran Parlamentinin spikeri Əli Laricani Pakistan Parlamentinin spikeri xanım Fəhmidə Mirza ilə görüşüb. Görüşdə Laricani pakistanlı həmkarından bu ölkədə qaçırılmış iranlı diplomatların tapılıb azad edilməsi üçün səylərini artırmağı istəyib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb. Bu diplomatlardan biri 2008-ci ilin noyabr ayında qaçırılmış İranın Pişavər Baş Konsulluğundakı ticarət attaşesi Haşmətullah Əttarzadədir. Cinayətkarlar attaşeni sürücüsünü öldürdükdən sonra qaçırıblar.
Laricani İran Parlamentinin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsini dəstəklədiyini bildirib. "Siyasi, parlamentlərarası, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə etmək üçün heç bir manə yoxdur", - Laricani deyib.
Xanım Mirza İrana səfərindən məqsədin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi olduğunu bildirib. O, iranlı həmkarını Pakistana rəsmi səfər etmək üçün dəvət edib.
Pakistan Parlamentinin spikeri fevral ayının 3-ü İrana səfər edib. İrana altıgünlük səfər zamanı xanım Mirzanın iranlı həmkarı ilə yanaşı, prezident Mahmud Əhmədinejad və digər İran rəsmiləri ilə görüşü nəzərdə tutulub.