Afina hökuməti Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mayın ortalarındakı səfəri ərəfəsində ilk məscidin tikintisinə başlamaq barədə qərar qəbul edib. Bu barədə CNN Turk telekanalı xəbər verir.
Afina Avropa İttifaqı ölkələrinin paytaxtları arasında yeganə yerdir ki, burada məscid yoxdur. Yunanıstan hökumətinin başçısı Yorq Petalotis məscid tikintisini nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi barədə bəyanat verib. Türk saytı yazır.
Qərar Türkiyə hökuməti başçısının səfərinə iki həftə qalmış qəbul edilib.
"500 nəfərlik məscid Yunanıstan hərbi dəniz qüvvələrinə məxsus torpaqda inşa ediləcək", - Petalotis deyib.
Tikinti Yunanıstan hökumətinin sponsorluğu, həmçinin xaricdən gələn özəl və dövlət investisiyası hesabına baş tutacaq.
CNN Turk saytının yazdığına görə, Afinada yaşayan müsəlmanlar gündəlik dualarını evlərində, yaxud xüsusi yerlərdə edirlər.
Ərdoğan daha əvvəl dəfələrlə bildirib ki, Yunanıstan rəhbərliyi Afinada məscid tikintisi məsələsi ilə məşğul olmur.