...

İran Prezidenti Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransda (CICA) iştirak edəcək

Dünya xəbərləri Materials 5 İyun 2010 13:45 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad iyunun 7-9-da İstanbulda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransda (CICA) iştirak edəcək.
İran Prezidenti Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransda (CICA) iştirak edəcək

İran Prezidenti Mahmud Əhmədinejad iyunun 7-9-da İstanbulda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransda (CICA) iştirak edəcək. Məlumatı IRNA agentliyi yayıb.

Müşavirə Türkiyə Prezidenti Abdullah Gülün sədrliyi ilə keçiriləcək.

İran Prezidenti ilə yanaşı, konfransda təşkilata üzv olan ölkələrin liderləri, o cümlədən Rusiyanın Baş naziri Vladimir Putin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Əfqanıstan Prezidenti Həmid Kərzai iştirak edəcək. Putini Rusiyanın xarici işlər naziri Sergey Lavrovun müşayiət edəcəyi ehtimal olunur.

Türkiyə təşkilata rəhbərliyi Qazaxıstandan qəbul edəcək.

CICA 1992-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılıb.

Müşavirəyə Ukrayna Prezidenti Viktor Yanukoviç, Qırğızıstanın müvəqqəti rəhbəri Roza Otunbayeva, Pakistan Prezidenti Asif Əli Zərdari, Makedoniya Prezidenti Georgi İvanov və Avropa İttifaqının beynəlxalq məsələlər üzrə katibi Ketrin Eştonun, eləcə də ABŞ-ın yüksəkvəzifəli nümayəndələrinin gəlişi gözlənilir.

İstanbula Oman, Çin, Kamboca və İordaniyanın baş nazirləri də dəvət olunublar.

Hazırda CICA tərkibinə 20 dövlət - Israil, İran, Əfqanıstan, Azərbaycan, Çin, Misir, Hindistan, İordaniya, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Cənubi Koreya, Rusiya, Tacikistan, Tailand, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan üzvdür.

Vyetnamın 21-ci üzv kimi təşkilata qoşulacağı gözlənilir.

Türkiyədəki müşavirənin gündəliyi nüvə silahı ətrafında vəziyyətin müzakirəsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti