Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir D.Xatınoğlu/
İran rəsmilərinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Yukiya Amanonun bu ölkənin nüvə proqramı ilə bağlı yeni məruzəsinə münasibəti birmənalı şəkildə müsbət olub. İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst sentyabrın 7-də keçirdiyi mətbuat konfransında bildirib ki, BAEA bir daha İranın nüvə proqramının dinc məqsədli olmasını təsdiq edib. Eyni fikirləri İranın BAEA-dakı nümayəndəsi Əli Əsgər Sultaniyyə də səsləndirib.
"İran BAEA müfəttişləri ilə yetərincə əməkdaşlıq etmir və İranın nüvə proqramının dinc məqsədli olmasını təsdiq etmək imkanında deyilik", - Amano bazar ertəsi yaydığı məruzədə deyib. İran rəsmilərinin Amanonun məruzəsinə müsbət münasibətləri BAEA rəhbərinin bu bəyanatı fonunda səslənib. Amano əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, İran yenə də uranın zənginləşdirilməsi prosesini davam etdirir.
Qlazqo Universitetinin professoru, Trend-in Ekspert Şurasının üzvü Rza Təqizadənin fikrincə, Amanonun məruzəsində İranla bağlı heç də müsbət məqam yoxdur, əksinə, məruzə xəbərdarlıq xaratkeri daşıyır.
BAEA rəhbərinin bundan əvvəlki məruzəsi 2010-cu ilin fevral ayında yayılmışdı. Həmin məruzədə İranın nüvə proqramı ilə hərbi fəaliyyətləri arasında əlaqələrin olması ehtimalı qeyd olunmuşdu.
Qərb İranı nüvə silahı istehsalına cəhd etməkdə ittiham edir. İndiyədək İranın nüvə proqramının fəaliyyətini, o cümlədən uranın zənginləşdirilməsi prosesini dayandırmaq üçün bu ölkəyə qarşı BMT TŞ 6 qətnamə qəbul edib. Qətnamələrin dördündə ölkəyə qarşı sanksiyalar tətbiq olunub. İran isə Qərbin iddialarını rədd edir.
Təqizadə telefonla Böyük Britaniyadan Trend-ə bildirib ki, Amano məruzəsində bəzi məqamları açıqlayıb ki, bu da İranın BAEA ilə əməkdaşlıqdan imtina etməsinin göstəricisidir. "Məruzədə İranın BAEA-nın iki müfəttişinin ölkəyə gəlişinə qadağa qoyulması tənqid olunub və İrandan tələb edilib ki, Əraq ağır su istehsalı zavoduna baxış keçirmək üçün BAEA-yə icazə versin", - o deyib.
ISNA agentliyinin məlumatına əsasən, İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi sentyabrın 6-da deyib ki, rəsmi Tehran BAEA-nın hər hansı müfəttişinə ölkəyə daxil olmağa icazə verməmək hüququna malikdir.
İran bundan əvvəl agentliyin iki müfəttişi, o cümlədən BAEA rəhbərinin müavini Olli Heynonenin ölkəyə gəlişinə qadağa qoymuşdu. Rəsmi Tehran iddia edib ki, Haunonen BAEA-ya qərəzli məruzələr təqdim edir.
Təqizadə əlavə edib ki, İranın BAEA-nın istənilən müfəttişinə ölkəyə daxil olmağa icazə verməmək hüququ haqqı var, lakin agentlik müfəttişləri peşəkardırlar və İranın onların gəlişinə icazə verməməsi üçün tutarlı arqumenti olmalıdır.
İran əsilli britaniyalı ekspertin fikrincə, yeni müfəttişlərin İranın nüvə proqramı və ölkənin üzərinə düşən öhdəliklərlə tanış olması üçün zaman lazımdir. Bu isə, BAEA ilə İran arasında əməkdaşlığa əngəl törədəcək. Bundan başqa, yeni müfəttişlər həmişə öz məruzələrini hazırlayarkən İranın qəzəbinə tuş gəlməkdən çəkinəcəklər, bu isə onların məruzələrinin kontekstinə təsir göstərəcək.
İranın Nüvə silahlarının yayılmaması haqqında (NPT) Konvensiyanın üzvü olmasına baxmayaraq, hələ də İran ilə BAEA arasında əlavə protokol (Additional Protocol) imzalanmayıb. Bu protokola əsasən, BAEA müfəttişləri xəbərdarlıq etmədən İranın nüvə fəaliyyəti ilə bağlı bütün obyektlərini yoxlaya bilərlər.
İran indiyədək Əraq ağır sular zavodunun yoxlanılmasına icazə verməyib. Səbəb kimi NPT çərçivəsində buna məcbur olmadığını bildirib.
Təqizadənin fikrincə, İran əlavə protokola üzv deyil və Əraq zavodunun yoxlanması üçün BAEA-ya icazə verməyə bilər. Lakin bu zavodda ağır su istehsal olunur ki, ondan da platinium istehsal oluna bilər. Platiniumdan isə nüvə silahında istifadə olunur. Buna görə də BAEA bu zavodun fəaliyyətini və ağr su ehtiyatlarını yoxlamaqda israrlıdır.
Təqizadənin fikrincə, son bir ildə İranın nüvə proqramı kəmiyyət baxımından inkişaf etməyib və yalnız keyfiyyət baxımından irəliləyib. Bu isə BAEA-nı şübhələndirir. "İran Nətənz uran zənginləşdirmə zavodunda 2009-cu ildə 9 min sentrifuq quraşdırmışdı və o vaxtdan etibarən sentrifuqların sayını artırmayıb. Keçən il 6 min aktiv sentrifuq var idisə, hazırda aktiv sentrifuqların sayı 3700-ə qədər azalıb", - o deyib. Onun sözlərinə görə, İranın dinc məqsədli uran yanacağı istehsal etmək üçün ən azı 60 min aktiv sentrifuqa ehtiyacı var və 3700 sentrifuqla yalnız nüvə silahı istehsal edə bilər.
Amanonun yeni məruzəsində bildirilir ki, İran iyun ayınadək 23 kq həcmində 20% zənginləşdirilmiş uran qazı istehsal edib və 2800 kq zəif dərəcədə uran ehtiyatına malikdir.
Təqizadənin fikrincə, 2800 kq uranı 90 faiz zənginləşdirməklə 2-3 nüvə başlığı istehsal etmək olar. Lakin bu həcmdə urandan nüvə stansiyalarında istifadə etmək mümkün deyil.