Yerevanda Ermənistan Milli Konqresinin mitinqi başlayıb. Trend-in "ARMENIA Today"ə istinadən verdiyi məlumata görə, hazırda Matendaran muzeyi qarşısındakı meydanda 5 mindən çox insan toplaşıb və onlar aksiya yerinə böyük qruplarla gəlməkdə davam edirlər. Mitinq iştirakçıları "Mübarizə, sonadək mübarizə!" deyərək qışqırırlar.
Bu dəfə Ermənistan hakimiyyəti təhlükəsizlik tədbirlərini gücləndirib. Mitinq yerində misli görünməmiş sayda polislər müşahidə edilir. Xüsusilə, mitinq yerində ona yaxın maşın var. Bu dəfə polislər hətta adətən müxalifətçilərin çıxış etdikləri tribunaya da yaxınlaşıblar.
Mitinq yerinə artıq Milli Konqresin rəhbər heyəti, xüsusilə də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan, "Respublika" partiyasının lideri Aram Sarkisyan, Ermənistan Xalq Partiyasının lideri Stepan Dəmirçiyan, keçmiş baş nazir Qrant Baqratyan, keçmiş milli təhlükəsizlik naziri David Şahnaryan, AOD partiyasının idarə heyətinin rəhbəri Aram Manukyan gəlib.