Azərbaycan, Bakı, 10 noyabr /Trend/
Türkiyənin Van əyalətində baş verən iki yeni zəlzələ nəticəsində yeddi nəfər həlak olub, 23 nəfər dağıntılar altından sağ çıxarılıb, bu barədə cümə axşamı səhər saatlarında CNN Türk kanalı məlumat verib.
Türkiyənin daxili işlər naziri Bəşir Atalay daha əvvəl jurnalistlərə bildirib ki, yeraltı təkanlar nəticəsində 25 bina dağılıb ki, onların 22-i zəlzələ zamanı boş olub. Qalan üç evin dağıntılarında axtarış-xilasetmə işləri davam edir.
Van əyalətində çərşənbə günü axşam saatlarında 5,6 və 4,5 maqnitudalı iki yeni zəlzələ baş verib. Zəlzələnin episentri Edremit şəhərində olub.
Telekanalın məlumatına görə, yeraltı təkanların nəticəsində 23 oktyabr zəlzələsi zamanı ziyan çəkmiş bəzi binalar, o cümlədən mehmanxana və məktəb uçub. Mehmanxananın dağıntıları altında insanların, o cümlədən 23 oktyabr zəlzələsinin nəticələrini işıqlandırmaq üçün bölgəyə gəlmiş jurnalistlərin qaldığı bildirilir.
Eyni zamanda Doğan xəbər agentliyi (DHA) bildirib ki, zəlzələ zamanı yaranan təşviş nəticəsində 1 nəfər həlak olub, 50 nəfər yaralanıb. İnsanlar təşvişə düşüb özünü pəncərə və eyvanlardan atırdılar.
Oktyabrın 23-də Van əyalətində 7,2 maqnitudası olan zəlzələ baş vermişdi, nəticədə 600-dən çox insan həlak olmuşdu.