...

Obama və İranla müzakirələrə ümid

Dünya xəbərləri Materials 7 Noyabr 2012 12:46 (UTC +04:00)
Barak Obama ikinci dəfə ABŞ prezidenti seçilib və növbəti dörd ildə ölkənin xarici siyasətində proritetə çevrilən İran məsələsi ilə məşğul olacaq.
Obama və İranla müzakirələrə ümid

Dalğa Xatınoğlu - Trend-in İran xəbərlər xidmətinin rəhbəri

Barak Obama ikinci dəfə ABŞ prezidenti seçilib və növbəti dörd ildə ölkənin xarici siyasətində proritetə çevrilən İran məsələsi ilə məşğul olacaq.

Obama Birləşmiş Ştatların yeganə prezidentidir ki, İranın ən yüksək səlahiyyətli şəxsi ayətullah Əli Xamneyiyə iki məktub ünvanlayıb.

Digər tərəfdən, onun birinci prezidentliyi dövrünündə, xüsusilə də son bir ildə, ABŞ-ın İrana qarşı analoqu olmayan sərt sanksiyaları tətbiq olunub. Həmçinin Obama Administrasiyası Avropa İttifaqının da paralel şəkildə İrana qarşı sərt iqtisadi sanksiyalar tətbiq etməsinə nail olub.

ABŞ və Aİ-nin sanksiyaları ardıcıllıqla 28 iyun və 1 iyulda qüvvəyə minib. Sanksiyalar nəticsində İranın ixracının 80 faizini təşkil edən xam neftin satışı 9 ay ərzində sutkada 2,3 milyon bareldən 1 milyon barelə düşüb. Hətta Beynəlxalq Enerji Agentliyinin oktyabrın 12-də yaydığı məruzəyə görə, İranın xam neft ixracının həcmi sentyabr ayında sutkada 860 min barelə enib. Eləcə də ölkənin gəlirlərinin yarısını təşkil edən neft istehsalının həcmi də sutkada 3,7 milyon bareldən 2,64 milyon barelə qədər azalıb. Bu isə keçən illə müqayisədə İranın hər gün 150 milyon dollar itirməsi deməkdir. İranın milli valyutası da son aylarda 80 faiz dəyərini itirib. İran bu vəziyyətdən çıxmaq üçün mütləq təzyiqlərin başında dayanan ABŞ-la müzakirəyə başlamalıdır.

Müzakirələrə ümid

İranda prezident seçkiləri 2013-cü ildə keçiriləcək, lakin Obamanın 2009-cu ilin iyun ayında və 2012-ci ilin yanvarında İrana məktublarını birbaşa dini lider Xamneyiyə ünvanlaması göstərir ki, ABŞ İranın xarici siyasət və nüvə proqramı sükanının ali dini liderin əlində olduğu qənaətindədir. Beləliklə, Obama İranda prezident seçkilərini gözləmədən, İslam Respublikasında birbaşa təmaslara davam edə bilər.

Keçən ay "Nyu York Tayms" qəzeti İranın dini liderinin baş müşaviri Əli Əkbər Vilayətinin ABŞ-la müzakirələr aparmaq üçün Vaşinqtona səfəri barədə məlumat yaymışdı. Bunu hər iki tərəfin rəsmiləri təkzib etdi. Ancaq sentyabr ayında İran Prezidenti Mahmud Əhmədinejad ABŞ-da keçirilən BMT Baş Assambleyasının illik iclasında iştirak üçün səfəri zamanı dəfələrlə KİV-ə açıqlamalarında aydın şəkildə ölkəsi ilə ABŞ arasında siyasi böhranın aradan qaldırılması, müzakirələrin başlanması və əlaqələrin normallaşdırılmasının vacibliyini vurğuladı.

İranda ABŞ-la müzakirələr barədə söhbətin belə qadağan edildiyi dövrdə Prezidentin bəyanatına ali dini lider tərəfindən sərt reaksiya gəlməməsi göstərir ki, İran hakimiyyəti ABŞ-la həqiqətən təmaslara hazırlaşır.

İran hazırda 190 kq həcmində 20 faizlik uran istehsal edib və bunun 38 faizini yanacağa çevirib. Digər tərəfdən, İran Fordo uranzənginləşdirmə zavodunda yeni 860 sentrifuqa quraşdırıb, ancaq aktivləşdirməyib. Çox güman ki, bu addımla Qərb ölkələrinə pozitiv mesajını göndərib.

İranda onsuz da faktiki olaraq 20 faizlik uran yanacağı ilə işləyən yalnız bir nüvə reaktoru var, onun yanacağı isə ölkə daxilində kifayət qədər istehsal olunub.

İran bundan əvvəl də bildirmişdi ki, 20 faizlik uran zənginləşdirmə prosesini Qərbin İrana qarşı sanksiyaları ləğv olunduğu təqdirdə dayandırmağa hazırdır.

Əlbəttə ki, İranla ABŞ arasında münaqişələr 33 ilin üst-üstə qalanmış mürəkkəb problemlərindən ibarət gərginlikdir, ancaq Tehranın bu təklifi "buz bağlamış" münasibətlərə ruh vermək üçün əlverişli fürsətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti