Azərbaycan, Bakı, 19 mart /Trend, müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/
İran martın 21-də başlayan növbəti İran təqvimində ağır eskadra mina gəmisi tikməyi planlaşdırır. Trend-in çərşənbə axşamı "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Müdafiə Nazirliyinin Sənaye araşdırmaları şöbəsinin müdiri Məhəmməd İslami deyib.
"Biz artıq eskadra mina gəmisinin ümumi görünüşünün hazırlanmasına başlamışıq və bu sahədə işlər davam edir" , - o deyib.
Ölkənin digər uğurlarından bəhs edən İslami qeyd edib ki, İran gələn il ilk 500 tonluq sualtı qayıq istehsal edərək 2013-cü ilin sonunda onu suya buraxmağı planlaşdırır.
Onun sözlərinə görə, İran bu yaxınlarda yeni mühərrik sistemi, təkmilləşdirilmiş hərbi idarə və naviqasiya sistemləri ilə "Camaran 2" mina gəmisinin istehsalını yekunlaşdırıb.
"Camaran 2"nin istehsalı 75 milyon dollara başa gəlib və bu gəmini qonşu ölkələrə satmağı planlaşdırırıq. Bununla da yerli istehsalı təşviq etmək hüququndan istufadə etmək niyyətindəyik", - o vurğulayıb.
İslami, həmçinin bildirib ki, gündəlikdə "Camaran 3" və "Camaran 4" mina gəmilərinin istehsalı üzrə planlar var.
"Ümid edirik ki, "Camaran 3" 2013-cü ilin sonunda, "Camaran 4" isə 2014-cü ilin sonunda hazır olacaq", - İslami qeyd edib.