...

İranda prezident seçkilərində vəziyyət: kimlər daha şanslıdır?

Dünya xəbərləri Materials 17 May 2013 13:13 (UTC +04:00)
İranın Ali Milli Təhlükəsizlik Şurasının hazırkı baş katibi Səid Cəlili, Prezident Mahmud Əhmədinejadın dəstəklədiyi namizəd kimi onun qudası və müşaviri olan İsfəndiyar Rəhim Məşayi və İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin mayın 11-də prezidentliyə namizəd kimi qeydiyyatdan keçməsi gələcək prezident seçkilərini daha da cəzbedici etdi, eyni zamanda onu mürəkkəbləşdirdi.
İranda prezident seçkilərində vəziyyət: kimlər daha şanslıdır?

Azərbaycan, Bakı, 17 may /Trend/

Təmkin Cəfərov - Trend-in icmalçısı

İranın Ali Milli Təhlükəsizlik Şurasının hazırkı baş katibi Səid Cəlili, Prezident Mahmud Əhmədinejadın dəstəklədiyi namizəd kimi onun qudası və müşaviri olan İsfəndiyar Rəhim Məşayi və İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin mayın 11-də prezidentliyə namizəd kimi qeydiyyatdan keçməsi gələcək prezident seçkilərini daha da cəzbedici etdi, eyni zamanda onu mürəkkəbləşdirdi.

Bu siyasətçilərin namizədliklərini irəli sürməsi bir tərəfdən müxalif islahatçılar düşərgəsində və Əhmədinejad hökumətinin dəstəklədiyi cəbhədə həmrəyliyin, digər tərəfdən isə mühafizəkarlar düşərgəsində ixtilafların və ziddiyyətlərin artmasına səbəb oldu.

İslahatçıların həmrəyliyi

İslahatçılar sabiq prezident Haşimi Rəfsəncaninin ətrafında toplaşmağa razılıq verərək bu istiqamətdə öz dəstəklərini əsirgəmirlər. Belə ki, İranın sabiq prezidenti və müxalif islahatçılar düşərgəsinin lideri olan Məhəmməd Xatəmi qarşıdan gələn prezident seçkilərində hamını prezidentliyə namizəd Əli Əkbər Haşimi Rəfsəncaninin yanında olmağa və ona səs verməyə çağırıb. Bundan başqa, islahatçı siyasətçilər və prezidentliyə namizədlər Məhəmməd Şəriətmədari, Məhəmməd Rza Arif prezident seçkilərində öz namizədliyini Haşimi Rəfsəncaninin xeyrinə geri götürüblər. Digər namizəd, Demokrat Partiyasının baş katibi Mustafa Kavakibian isə mənsub olduğu partiyanın qərar verəcəyi halda Rəfsəncaninin xeyrinə namizədliyini geri götürəcəyini bildirib.

Haşimi Rəfsəncaniyə yaxın şəxslərdən olan və prezidentliyə namizəd, İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri və İranın Ali Milli Təhlükəsizlik Şurasının sabiq baş katibi Həsən Ruhani də deyib ki, "Rəfsəncani ilə apardığım müzakirələrə əsasən, sonda seçkilər günü mən və ya Rəfsəncani - ikimizdən biri qalacağıq".

Əvvəllər Rəfsəncani sağçı düşüncəyə sahib olsa da, eyni zamanda solçuluğa da meyilli olduğunu nümayiş etdirirdi. İndi isə o, həm sağçılar və həm də solçular üçün "yaşıl işıq" yandırıb və hər iki düşüncə sahibləri onun namizədliyini dəstəkləyirlər.

Mühafizəkarların vahid namizəd məsələsində fikir ayrılığı

Artıq mühafizəkarlar düşərgəsində vahid namizəd məsələsində razılığa gələ bilməyəcəkləri ilə bağlı əlamətlər görünməkdədir. Belə ki, Mühafizəkarlar (Üsulgəralar) düşərgəsindən olan İslam İnqilabı Sabitlik Cəbhəsindən prezidentliyə namizədliyini irəli sürmüş Kamran Baqiri Lənkərani ötən gün öz çıxışında deyib ki, qarşıdan gələn prezident seçkiləri ikiqütblü olmayacaq, mühafizəkarlar vahid namizəd məsələsində razılığa gəlməyəcəklər və hər bir namizəd seçkilərdə öz proqram ilə iştirak edəcək.

Üsulgəralar düşərgəsinin bir qanadı hesab olunan İslam İnqilabı Sabitlik Cəbhəsi prezidentliyə namizəd Kamran Baqiri Lənkərani ilə yanaşı, namizəd kimi həm də İranın Ali Milli Təhlükəsizlik Şurasının hazırkı baş katibi Səid Cəlilini də dəstəklədiyi bildirilir.
Bundan başqa Üsulgəralar düşərgəsinin üç tanınmış siması İran parlamentinin sabiq spikeri Qulaməli Həddad Adil, ölkənin ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və İran polisinin sabiq komandanı və hazırda Tehran şəhərinin meri olan Məhəmməd Baqir Qalibaf tərəfindən hələ 2012-ci ilin dekabrında təsis olunmuş "2+1" və ya "üçlük" koalisiyasında da artıq parçalanmaya meyillik müşahidə olunur. Belə ki, bu koalisiyanın üzvləri öncədən demişdilər ki, sorğunun nəticəsi üzrə kim öndə olarsa, digər namizədlər onun xeyrinə geri çəkiləcəklər. Hazırda isə onlar sorğunun nəticələri ilə yanaşı, həm də Mübariz Ruhanilər Birliyinin(The Combatant Clergy Association) və Qum Elmi Seminariyasının Müəllimlər Birliyinin (Society of Seminary Teachers of Qom) kimin sonda rəqabətdə qalması ilə bağlı qərarının əhəmiyyətli rol oynadığından danışırlar. Koalisiyanın iki üzvi yəni, Həddad Adil və Əli Əkbər Vilayəti bu iki birliyin qərarına hörmətlə yanaşacaqlarını bildiriblər. Lakin Qalibaf deyib ki, seçkilərdə vəziyyəti dəyişib və artıq etilafdan söhbət gedə bilməz.

Mühafizəkarların ikinci koalisiya qrupunda da oxşar vəziyyət yaranıb. Belə ki, İranda 14 siyasi partiyanı özündə cəmləşdirən İmam və Ali Rəhbərin Yolunun Davamçıları Cəbhəsinin dəstəyi ilə İran parlamentinin I vitse-spikeri Məhəmməd Həsən Əbuturabi Fərdin namizədliyi irəli sürülsə də, bu cəbhənin digər üzvi, Əhmədinejad hökumətində keçmiş xarici işlər naziri Mənuçöhr Möttəki aparılmış sorğu nəticəsində birinci yerdə olduğunu deyib və cəbhənin qərarını dəstəkləməyib.

Prezident Mahmud Əhmədinejadın dəstəklədiyi namizəd

Prezident Mahmud Əhmədinejad qudası və müşaviri olan İsfəndiyar Rəhim Məşayi ilə birlikdə ölkənin Daxili İşlər Nazirliyinə qeydiyyat üçün gəlməsinin mühafizəkarların böyük əksəriyyəti tərəfindən sərt tənqid olunmasına baxmayaraq, bu düşərgədən Əhmədinejadın dəstəklədiyi namizədin ətrafında həmrəyliyi daha da artırdı. Belə ki, ötən günlər ərzində tanınmış siyasətçilərdən üç-dörd nəfər, o cümlədən prezidentin müşaviri Əli Əkbər Cavanfekr, vitse-prezident Məhəmmədrza Rəhimi və başqaları Rəhiminin xeyrinə öz namizədliklərini geri götürdülər.

Məşayi Əhmədinejadla əməkdaşlığa başladığı gündən indiyədək bəzi qalmaqallı çıxışları və hərəkətlərinə görə İranın ənənəvi mühafizəkar şəxsləri və din alimləri tərəfindən tənqidlərlə üzləşib. Məşayinin musiqini haram bilən şəxsləri tənqid etməsi, İran və İsrail xalqlarının dost ola biləcəyi barədə və digər bu kimi fikirləri ən qalmaqallı çıxışlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti