Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Təmkin Cəfərov/
"Mən və həmkarlarım İran və 5+1 ölkələri arasındakı yeni dövr müzakirələrdə məntiqli çıxış yoluna çatmaq üçün çalışacağıq". Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün öz Facebook səhifəsində deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.
M.C.Zəfir bildirib ki, ötən gün Vyanada başlayan müzakirələr iki həftə ərzində davam etdiriləcək: "Əhatəli razılıq əldə olunması üçün müxtəlif məsələlər razılaşdırılmalıdır. Həqiqətən müzakirələrin nəticəsini proqnozlaşdırmaq çətindir. Bəzilərinin, xüsusilə bəzi Qərb medialarının müzakirələrin nəticələri ilə bağlı proqnozlarına ciddi yanaşmaq lazım deyil. Ona görə ki, bu analizlər və xəbərlərin çoxu müzakirələrə təsir etmək və səs-küy salmaq məqsədi daşıyır".
Qeyd edək ki, İran və 5+1 ölkələri arasında növbəti müzakirələr ötən gün Vyanada başlayıb. Ötən gün İran ABŞ və Rusiya nümayəndələri ilə görüşlər keçirib.