Azərbaycan, Bakı, 5 noyabr /Trend/
Kanadanın Hərbi Hava Qüvvələri havadan zərbələrlə İraqın Anbar vilayətində "İslam dövləti" (İD) qruplaşmasının yaraqlılarının tikinti texnikasını və mühəndis qurğularını məhv ediblər. Trend TASS agentliyinə istinadən bu barədə Kanada müdafiə nazirliyinin nümayəndəsi general-leytenant Conatan Vens məlumat verir.
Onun sözlərinə görə, yaraqlılar bu texnikanın vasitəsilə İraqın milyonlarla sakinini, o cümlədən Bağdadı su ilə təchiz edən Fərat çayında böyük bəndin işini pozmaq istəyiblər. Ötən bazar günü başa çatan əməliyyatda iki qırıcı təyyarə F-18 iştirak edib. Döyüş maşınları dörd saat müddətində havada olub və havada yanacaq doldurublar.
Kanada hökuməti İD ilə mübarizəyə cəmi altı qırıcı təyyarə F-18, iki kəşfiyyat təyyarəsi CP-140 Aurora və bir yanacaqdolduran təyyarəsi Airbus CC-150 Polarisi göndərib. Kanada kontingenti Küveytdə bazada yerləşdirilib.
Kanadanın baş naziri Stiven Harperin bildirdiyinə görə, ölkə aviasiyası İraq ərazisində yalnız islamçıların mövqelərini bombalayacaq. O, vurğulayıb ki, kanadalı hərbçilər mümkün yerüstü əməliyyatlarda iştirak etməyəcəklər.