Azərbaycan, Bakı, 15 dekabr /Trend/
Sidneyin mərkəzində naməlum şəxs tərəfindən 30 nəfərə yaxın insanın girov saxlanıldığı kafedən daha iki girov qaça bilib. Trend xəbər verir ki, bu barədə RİA Novosti Avstraliya mətbuatına istinadən məlumat yayıb.
Bundan əvvəl kafeni üç girov tərk edə bilmişdi. Avstraliya polisinin nümayəndəsi Ketrin Börnün məlumatına görə, cinayətkar kafedə təxminən 30 nəfəri saxlayır. Hazırda onunla danışıqlar aparılır.
Bazar ertəsi səhər yerli vaxtla saat 10.00 radələrində naməlum silahlı Sineydə Mərkəzi Bankın binası yaxınlığında yerləşən mağaza-kafedə 40-a yaxın adamı girov götürüb. Girovları üzərində pəncərədən ərəbcə yazı olan bayraq asmağa məcbur ediblər. Bəzi mətbuat orqanları şübhəlinin kürək çantası və "şəhid kəməri"nə bənzəyən kəməri olduğunu bildirirlər. Şübhəli əşya səbəbindən kafedən bir neçə yüz metr məsafədə yerləşən dünya şöhrətli Sidney Opera Teatrı təxliyə edilib.
Xatırladaq ki, Avstraliya hakimiyyəti sentyabda tarixdə ilk dəfə ölkədə terror təhlükəsinin yüksək səviyyəsini elan edib. Avstraliyanın Baş naziri Toni Ebbott bəyan edib ki, "İslam Dövləti" liderlərindən biri özünün Avstraliyadakı ardıcıllarına bu ölkədə bir sıra "nümayişkaranə qətl"lərin törədilməsi barədə tapşırıq verib. Terrorçular öz qurbanını fikirləşmədən seçməli, onu İD bayrağına bürüyüb başını kəsməlidirlər.