Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Təmkin Cəfərov/
Sistan və Bəluçistan əyalətində təhsil ocaqlarının çatışmazlığı səbəbindən 120 min uşaq və yeniyetmə təhsil almaqdan məhrumdur. Bunu İran Təhsil Nazirliyinin Sistan və Bəluçistan əyaləti üzrə Təhsil İdarəsinin rəhbəri Əlirza Nəxəi deyib. Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi xəbər verir.
Ə.Nəxəi bildirib ki, təhsildən məhrum olan uşaqların 37 min nəfəri 6-9 yaşlılardır: "Təhsil ocaqlarının çatışmazlığı və kəndlərin bir-birinə uzaq olması bu məsələdə başlıca problemlərdəndir".
Onun sözlərinə görə, əyalətdə 4846 təhsil müəssisəsi var: "Əyalət əhalisinin sayına görə bu qədər təhsil müəssisəsi kifayətdir, lakin 6 minə yaxın kənd var ki, həmin kəndlər arasında məsafə çoxdur və bu, təhsil ocaqlarının çatışmazlığına səbəb olur. Bəzən şagirdlər evdən məktəbə getmək üçün 15 kilometr yol qət etməyə məcburdurlar. Ölkə üzrə orta hesabla məktəblə ev arasında məsafə 5 kilometr olmaldıır".