...

İranda 18 terrorçu həbs olunub

Dünya xəbərləri Materials 14 Yanvar 2015 16:28 (UTC +04:00)
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətində terrorçu qruplaşmanın 18 üzvü həbs olunub.
İranda 18 terrorçu həbs olunub

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətində terrorçu qruplaşmanın 18 üzvü həbs olunub. Onlar xarici ölkələrdən aldıqları maliyyə vəsaiti qarşılığında polis və müəllimləri qətlə yetirirdilər. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Sistan və Bəluçistan əyalətinin Polis İdarəsinin rəisi Hüseyn Rəhimi deyib.

H.Rəhimi bildirib ki, həmin şəxslər Polis və İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Qüds qərargahının qüvvələrinin birgə əməliyyatı nəticəsində həbs olunub: "Həbs olunan şəxslər 100-300 dollar qarşılığında polis və müəllimlərə qarşı terror aktı törədərək onları qətlə yetirirdilər. Həbs olunan şəxslər etiraf ediblər ki, ən azından 15 nəfəri öldürüb, bir o qədər şəxsi də yaralayıblar".

Polis rəisi qeyd edib ki, həbs olunan şəxslər 2014-cü il oktyabrın 25-də İranın Sistan və Bəluçistan əyalətinin Sərbaz bölgəsində Sepah korpusunun "Bəsic" könüllü qüvvələrinin üzvü Məhəmməd İslamini, ayrı-ayrı vaxtlarda isə müəllimlər Cavad Novruzini və İsa Şəhrəkini, "Bəsic" könüllü qüvvələrinin digər üzvü Adəm Səburini, eləcə də sünni alimi və imamı Moləvi Mustafa Çəngi Zəhi və onun yanında olan bir şəxsi öldürdüklərini etiraf ediblər.

H.Rəhiminin sözlərinə görə, həbs olunan şəxslər müəllimləri öldürmək əmrini xaricdən aldıqlarını da etiraf ediblər: "Onlar Əfqanıstan və Pakistanda 1-3 ay hərbi təlimlər keçiblər. Ərəb ölkələrinin birində çalışan bir şəxsdən pul alaraq bölgədə terror aktları həyata keçirərək qarışıqlıq yaratmağa çalışıblar".

Qeyd edək ki, bundan öncə Sepahın Qüds Quru Qoşunlarının mətbuat xidməti bəyanat yayaraq Sistan və Bəluçistan əyalətinin Sərbaz bölgəsində terrorçu qruplaşmanın 9 üzvünün həbs edildiyini elan etmişdi.

2014-cü il oktyabrın 25-də naməlum şəxslər İranın Sistan və Bəluçistan əyalətinin Sərbaz bölgəsində "Bəsic" könüllü qüvvələrinin üzvü M.İslamini odlu silahla öldürmüşdülər. Oktyabrın 19-da isə İranın Sistan və Bəluçistan vilayətindəki Çabahar şəhərində terrorçu özünü partlatmışdı. Terror aktı nəticəsində terrorçudan başqa daha iki nəfər həlak olmuş, 6 nəfər yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti