Bakı. Təmkin Cəfərov - Trend:
İranın Sistan və Bəluçistan əyalətinin Nikşəhr şəhərinin Kəhiri postu ərazisində partlayıcı qurğunun işə düşməsi ilə partlayış baş verib. Partlayış nəticəsində bir neçə polisin öldüyü və yaralandığı bildirilir. Bunu İranın Sistan və Bəluçistan əyalətinin polis komandiri Hüseyn Rəhimi deyib. Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi məlumat verir.
İranın Fars agentliyi isə 3 polisin öldüyünü, bir neçə nəfərin isə yaralandığını bildirib.
Partlayışı törədənlər məlum deyil.
H.Rəhimi deyib ki, hadisə ilə bağlı detallar sonradan açıqlanacaq.
İran İslam Respublikasın cənub-şərqində fəaliyyət göstərən müxalif silahlı qruplar özlərini sünni və bəluç azlıqlarının tərəfdarları elan edirlər. Onların indiyədək dəfələrlə təşkil etdikləri partlayışlar nəticəsində polislər və hərbi qulluqçular həlak olub.