Bakı. Trend:
"Facebook" korporasiyasının mütəxəssisləri Braziliya prezidenti Jair Bolsonaronun köməkçiləri ilə əlaqəli onlarla hesab və səhifəni siliblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə korporasiyasının kibertəhlükəsizlik şöbəsinin rəhbəri Nataniel Qleyher deyib.
Onun sözlərinə görə, "Facebook"da 35 hesab, 14 səhifə və 1 qrup, "İnstaqram"da isə 38 hesab silinib.
N.Qleyher qeyd edib ki, bütün silinən hesablar və səhifələr qismən avtomatlaşdırılmış rejimdə işləyən və Braziliyadakı istifadəçilərə yönəlmiş şəbəkədə birləşib.
"Facebook"dan bildiriblər ki, sözügedən şəbəkənin və Sosial-liberal partiyası, həmçinin J.Bolsonaronun köməkçiləri və iki oğlu ilə əlaqələri aşkar edilib. Şəbəkə operatorları şəxsiyyətlərini gizlətməyə və özlərini bəzi KİV-lərin jurnalistləri kimi təqdim etməyə çalışıblar. Onlar yerli xəbərlər, daxili siyasət, seçkilərlə əlaqəli materiallar paylaşmaqla, siyasi rəqibləri və medianı tənqid etməklə məşğul olublar. Bundan əlavə, onlar yeni koronavirus pandemiyası ilə bağlı materiallar da dərc ediblər. Səhifələrin bir hissəsi nifrət oyatmaq və bilərəkdən yalan məlumat yaymaq üçün istifadə olunduğuna görə silinib.
N.Qleyher vurğulayıb ki, "Facebook"un silinən hesabların J.Bolsonaro və oğulları tərəfindən birbaşa idarə edildiyinə dair heç bir dəlili yoxdur.