Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş bu həftə Moskva və Kiyevə səfərləri zamanı hərbi əməliyyatların dayandırılması və ehtiyacı olanlara humanitar yardımın göstərilməsini müzakirə etmək niyyətindədir.
Trend xəbər verir ki, bunu bazar ertəsi keçirilən brifinqdə BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq bildirib.
Onun sözlərinə görə, yekun məqsəd atəşkəs və Ukraynada insanların düşdüyü vəziyyəti yaxşılaşdırmaq, üzləşdikləri təhlükələri azaltmaq və humanitar yardım göstərmək yollarının yaradılmasıdır.
"Həmçinin, BMT-nin Mariupol bölgəsində humanitar atəşkəs kimi təşəbbüsləri, humanitar dəhlizlərin yaradılması müzakirə edilə bilər. Görüşlərin nəticəsini indidən proqnozlaşdırmaq hələ tezdir", - F.Haq bildirib.