Bakı. Trend:
Türkiyə yanvarın ortalarında İsveç və Finlandiya parlamentlərinin spikerlərinin Türkiyəyə səfərini gözləyir.
Trend xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Mustafa Şəntop deyib. O, bu ölkələrin NATO-ya qəbul prosesini müzakirə etmək üçün spikerlərin səfərini gözlədiyini bildirib.
“İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya etmək təklifinin parlamentə nə zaman təqdim edilməsi məsələsi hökumətin və prezidentimizin izlədiyi proses kontekstində həll olunacaq. Onlar öz üzərlərinə müəyyən öhdəliklər götürüblər. Biz bu prosesi izləyirik. Bu yaxınlarda İsveçin Baş naziri burada idi. Onun çox səmimi olduğunu gördüm və təəssüfünü bildirdi. Yanvarın ortalarında İsveç və Finlandiya parlamentlərinin spikerilərinin Türkiyə Böyük Millət Məclisinə (TBMM) gəlişini gözləyirik”, - deyə Şəntop bildirib.
Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim ediblər. Bu günə qədər İsveç və Finlandiyanın NATO-ya müraciəti 30 ölkədən yalnız ikisi - Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb.