Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan arasında görüş başa çatıb.
Trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.
Məlumata görə, görüş təxminən 1 saat davam edib. Mətbuata bağlı keçən görüşdən sonra Prezident Ərdoğan Dolmabağça sarayından ayrılıb.
Hələlik görüşlə bağlı hər hansı açıqlama verilməyib.
Qeyd edək ki, R.T.Ərdoğan S.Oğanı İstanbulda Dolmabağçadakı iş ofisində qəbul edib.
Xatırladaq ki, Türkiyə Prezidenti bu gün seçkilərin ikinci turunda Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini açıqlayıb.
Türkiyənin Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkilərin ikinci turunda dəstəkləyəcəyi namizəddən bir sıra şərtlər tələb edib.
Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.
Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.