...

İran milyardlarla dollarına "qovuşur" - Tehran sanksiya torunu "yırtdı"?

Dünya xəbərləri Materials 17 Avqust 2023 12:32 (UTC +04:00)
İran milyardlarla dollarına "qovuşur" - Tehran sanksiya torunu "yırtdı"?
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

2018-ci ildə ABŞ-nin İrana qarşı nüvə proqramı ilə əlaqədar yeni sanksiyalar nəticəsində İranın Cənubi Koreyada dondurulan vəsaiti get-gedə azalmaqdadır.

ABŞ və İran arasında İranın digər ölkələrdə dondurulan vəsaitinin blokdan çıxarılması ilə əlaqədar razılaşma elan olunduqdan sonra, bir sıra maraqlı faktlar ortaya çıxıb. Belə ki, İranın Cənubi Koreyada neft və qaz kondensatı ixrac etməsi ilə təxminən 7 milyard dollar vəsaiti sanksiyalar nəticəsində dondurulub. Bu vəsait Cənubi Koreyanın iki bankında (Woori Bank və Indurstrial Bank of Korea) ölkənin milli valyutası “von” ilə saxlanılıb.

Təxminən 3-4 il ərzində həmin vəsaitə heç bir gəlir nəzərdə tutulmayıb. Bir neçə gün öncə İranın Mərkəzi Bankının baş direktoru Məhəmməd Fərzin bildirib ki, Cənubi Koreya vonunun ABŞ dolları qarşısında ucuzlaşması nəticəsində İranın Cənubi Koreyada dondurulan və son vaxtlar blokdan çıxarılan vəsaitinin dəyəri 1 milyard dollar azalıb.

Qeyd etmək lazımdır ki, Cənubi Koreyada qaydaya əsasən həftədə maksimum 500 milyon vonu avroya çevirmək mümkündür. Demək, bu proses 4-6 həftə davam edəcək. Avroya çevrilən vəsait isə təxminən 5,3 milyard avro - 5,77 milyard ABŞ dolları - təşkil edəcək. 6 milyard dolların 5,77 milyard dollara azaldığı aydın görünür.

Əlavə edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı yeni sanksiyalar tətbiq edib. Ötən müddət ərzində sanksiyalara İranın neft ixracı, 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub. Sanksiyalar İranın xarici ölkələrdəki əmlakının dondurulması ilə nəticələnib.

Bəs, İranın Cənubi Koreyada dondurulan vəsaiti hansı mexanizmlə blokdan çıxarılacaq?

Vəsait sonradan İsveçrə Mərkəzi Bankının Cənubi Koreyadakı hesabına köçürüləcək. Vəsait İsveçrə Mərkəzi Bankının Almaniyadakı hesabına köçürüldükdən sonra Qətərdə iki bankdakı hesablara köçürüləcək. Bu, əsas da İranın 6 özəl bankı Qətərdə həmin iki bankda hesablar açıblar və sonradan həmin hesablara köçürüləcək.

Bu vəsait İrana qarşı sanksiyalara şamil edilməyən məhsullar, əsasən heyvan yemlərinin ölkəyə idxalına sərf olunacaq. Çünki hazırda ölkəyə idxal olunan məhsullar arasında ən çox xarici valyutanın xərcləndiyi məhsullardan biri heyvan yemləridir. Blokdan çıxarılan vəsaitin Qətərdə sığortalanacağı bildirilir.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən 4 ay (21 mart -22 iyul 2023) ərzində İran əsasən 1,29 miylard dollar dəyərində qarğıdalı yemi idxal edib. Böyük iqtisadi resurslarının olduğunu, sanksiyaların ölkənin inkişafına, iqtisadiyyatına heç bir təsir göstərmədiyini iddia edən İran, hazırda 6 milyard dollara çatmayan pulunu geri almaq və onu da heyvan yeminə xərcləmək üçün var-gücünü sərf edib.

Aydın məsələdir ki, İran artıq ciddi şəkildə xarici valyuta çatışmazlığı ilə qarşı-qarşıyadır. Sanksiyalar isə öz işini görməkdədir. Sanksiyalar davam edəcəyi halda gələcək illərdə İranın daha da acınacaqlı vəziyyətlə üzləşəcəyini proqnoz etmək o qədər də çətin deyil. Sanksiyaların ləğvi İranın nüvə proqramı ilə əlaqədar problemin həllindən keçir.

İranın nüvə proqramı ilə əlaqədar problem isə sanki çözülməmiş qara qutuya bənzəyir. ABŞ tərəfi əvvəllər bu qara qutunu açmağa maraq göstərsə də, hazırda İranın nüvə proqramında hətta müzakirələr belə aparmaq niyyətində deyil. İranın isə qara qutunu açmaq üçün imkanı olsa da, onu açmamağa üstünlük verir. İran öz nüvə proqramında etimad yaratmağa çalışdığını iddia etsə də, bəzi naməlum addımlar, o cümlədən İranın qərbində yerləşən Kürdüstan vilayətinin Mərivan rayonunda təbii uran qalıqlarının tapılması, uranın yüksək səviyyədə zənginləşdirilməsi və sairə başqa məqsədlərin ola biləcəyindən xəbər verir.

İran ABŞ və Qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyaların ləğv edilməsi, xarici ölkələrdə dondurulan vəsaitinin blokdan çıxarılması, xam neft ixracına qoyulan məhdudiyyətin ləğv edilməsinə çalışır. ABŞ və Qərb ölkələri isə qarşılığında İranın atom bombası əldə etməməsi, nüvə proqramının nəzarətdə saxlanılması, İranın zənginləşdirmə səviyyəsinin azaldılmasını istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti