Bakı. Trend:
Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüş keçirib.
Trend bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Özbəkistan və Türkiyənin xarici işlər nazirləri Özbəkistan-Türkiyə strateji planlaşdırma qrupunun növbəti iclasını keçirib, əldə olunmuş nailiyyətlərə yekun vurub, qısa və uzunmüddətli hədəfləri müəyyən ediblər.
“Biz qarşıdan gələn yüksək səviyyəli tədbirlərin cədvəlini, əlaqələrimizin müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərini, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında əldə olunmuş bütün razılaşmaların icrasının gedişatını nəzərdən keçirdik”, - deyə Bəxtiyor Saidov qeyd edib.
Qeyd edək ki, görüş zamanı Özbəkistan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Planı imzalanıb.