Bakı. Trend:
Rusiya və Ukrayna arasında əsir mübadiləsi artıq bir neçə aydır ki, dayandırılıb.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova Rusiya Dövlət Dumasının vətəndaş cəmiyyətinin inkişafı üzrə komitəsinin iclasında deyib.
"Müdafiə Nazirliyi ilə çox sıx əməkdaşlıq edirik və insanların əsirlikdən qayıtması üçün gördükləri böyük işlərə görə onlara xüsusi təşəkkür etmək istərdim. Əfsuslar olsun ki, daima yeni uydurma tələblər irəli sürən Ukraynaya görə mübadilələr bir neçə aydır ki, dayandırılıb", - o deyib.
Ombudsman insanların həyəcanını və gərginliyini hiss etdiyini və dövlətin gördüyü tədbirlər barədə məlumatı onlara çatdırmaq üçün mümkün olan hər şeyi etdiyini bildirib.
Bundan başqa, Moskalkova Ukrayna ombudsmanı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə dialoq apardıqlarını və qarşılıqlı şəkildə əsirlərə baş çəkdiklərini əlavə edib.