Bakı. Trend:
İkinci Dünya Müharibəsi dövrünə aid mərminin taksi yollarından birinin yaxınlığında partlaması nəticəsində çərşənbə günü müvəqqəti bağlanan Yaponiyanın Miyazaki prefektura hava limanı yenidən fəaliyyətə başlayıb.
Trend xəbər verir ki, hava limanının administrasiyası bu barədə məlumat yayıb. Aeroportun saytındakı elektron displeydəki məlumata əsasən, artıq bir neçə daxili reys yerinə yetirilib.
Partlayış nəticəsində hava limanından bütün uçuşlar dayandırılıb və 87 reys ləğv edilib.
Hava limanı Yaponiya İmperator Donanmasının keçmiş aviabazasının yerində yerləşir. Bu bazada kamikadze missiyaları həyata keçirilirdi və o, Amerika bombardmanlarına məruz qalmışdı. Daha əvvəl burada partlamamış mərmilərin tapılması da qeydə alınıb.