Bakı. Trend:
Qərbi Qazaxıstan vilayətində 14 yaşadək iki uşaqda metapnevmovirus aşkarlanıb.
Trend Qazaxıstan mediasına istinadən xəbər verir ki, sanitar həkimlər infeksiyanın yayılma riskini azaltmaq üçün region sakinlərini profilaktik tədbirlərə riayət etməyə çağırıb.
Tövsiyələr arasında otaqların havasının dəyişdirilməsi, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmaq, xəstələrlə təmasın məhdudlaşdırılması və onların təcrid edilməsi var. Xüsusi diqqət uşaqlara yönəldilib, soyuqdəymə əlamətləri yarandıqda onların bağça və məktəblərə göndərilməməsi xahiş olunur. Vəziyyət pisləşdikdə tibbi yardıma müraciət etmək lazımdır.
Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə metapnevmovirusa 30 yoluxma qeydə alınıb.
İnsan metapnevmovirusu onilliklər ərzində bir çox ölkələrdə dövr edən klassik viruslardan biridir. O, əsasən hava-damcı yolu ilə və daha az dərəcədə məişət-kontakt yolu ilə yayılır.
İnfeksiyanın əsas simptomları öskürək, təngnəfəslik, qızdırma, baş ağrısıdır. Spesifik müalicə yoxdur, simptomatik müalicə tətbiq edilir.