Bakı. Trend:
Özbəkistanın beynəlxalq ehtiyatları, xüsusilə qızıl ehtiyatları, yanvar ayında nəzərəçarpacaq dərəcədə yüksəlib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Mərkəzi Bankı məlumat yayıb.
2025-ci il fevralın 1-nə olan məlumata əsasən, Özbəkistanın ümumi beynəlxalq ehtiyatları 42,91 milyard dollara çatıb ki, bu da əvvəlki ayla müqayisədə 1,72 milyard dollar (4,17%) artım deməkdir.
Əsas artım qızılın qiymətinin bahalaşması hesabına baş verib. Belə ki, qızıl ehtiyatlarının ümumi dəyəri 3,02 milyard dollar artaraq 35,06 milyard dollara yüksəlib. Bununla yanaşı, fiziki qızıl ehtiyatlarının həcmi də 12,3 milyon troya unsiyadan (382,57 ton) 12,6 milyon troya unsiyaya (391,9 ton) qədər artıb.
Eyni zamanda ölkənin valyuta ehtiyatları 1,29 milyard dollar azalaraq 7,3 milyard dollara düşüb. Bu məbləğin 442,3 milyon dolları digər ölkələrin mərkəzi banklarında və Beynəlxalq Valyuta Fondundakı hesablarda, 6,75 milyard dolları isə xarici kommersiya banklarında saxlanılır.
Bundan əlavə, Mərkəzi Bankın aldığı xarici istiqrazların dəyəri cüzi artaraq 102,1 milyon dollar təşkil edib.