Bakı. Trend:
İsveç hökuməti və İsveç Demokratları partiyası Erebruda baş vermiş kütləvi atışmadan sonra ibtidai, orta və böyüklər üçün nəzərdə tutulmuş məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair yeni təkliflər irəli sürüb.
Trend xəbər verir ki, təklif olunan dəyişikliklər arasında məktəb heyətinə şagirdlərin çantalarını yoxlama icazəsinin verilməsi, təhsil müəssisələrinə girişə nəzarətin gücləndirilməsi və video müşahidə sisteminin genişləndirilməsi yer alır.
Hökumətin planına əsasən, məktəblərə girişə nəzarət hər təhsil müəssisəsində fərqli şəkildə həyata keçiriləcək. Təhsil naziri Yoxan Personun sözlərinə görə, bu sistem açar, kod və giriş kartları vasitəsilə tənzimlənə bilər. O, həmçinin məktəblərin yanğın zamanı aparılan təxliyə sınaqları kimi, bina daxilində sığınacaq tapmaq üzrə mütəmadi təlimlər keçməli olduğunu vurğulayıb.
Bundan əlavə, bütün məktəb və uşaq bağçalarından fövqəladə vəziyyət halları üçün xüsusi fəaliyyət planı hazırlamaq tələb olunacaq. Məktəb direktorları isə təhsil müəssisəsi ərazisində baş verən cinayətlərlə bağlı polisə məlumat verməyə məcbur olacaqlar.
Məktəblərdə təhlükəsizliklə bağlı araşdırmalara rəhbərlik edən Yonas Trolle bildirib ki, Erebru faciəsində olduğu kimi, odlu silahla hücum edən cinayətkarın qarşısını almaq çətindir. Lakin ədliyyə naziri Qunnar Strömer bu cür silahlı hücumların qarşısını almaq üçün yeni tədbirlərin hazırlandığını qeyd edib.
Parlamentdə bu təkliflərə sürətli baxılması gözlənilir və yeni təhlükəsizlik qaydalarının iyulun 1-dən qüvvəyə minməsi planlaşdırılır.