Bakı. Trend:
İş adamı və Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask, Ağ Evdə gecələdiyini söyləyib.
Trend "Fox Business" nəşrinə istinadən xəbər verir ki, bu barədə jurnalist Çarlz Qasparino sosial şəbəkədə məlumat yayıb.
Jurnalistinin sözlərinə görə, Mask qarşıdakı dörd ayı DOGE üzərində işləməyi planlaşdırır. Departament rəhbəri ABŞ büdcəsini 2 trilyon dollar azaltmağı və bunun nəticəsində inflyasiyanın 2%-ə çatacağını bildirir.
İlon Mask, ABŞ prezidentinin andiçmə mərasimindən əvvəl federal xərcləri 2 trilyon dollar azaltmaq arzusunda olduğunu açıqlamışdı.
O, bəzi məmurlar arasında ixtisarların "müvəqqəti çətinliklərə" səbəb ola biləcəyini də etiraf edib. Mask, həmçinin, ABŞ-nin milli borcunun idarə edilməsi siyasəti dəyişməzsə, ölkənin iflas riski ilə qarşı-qarşıya qala biləcəyini qeyd edib.