Bakı.Trend:
Fələstinin HƏMAS hərəkatı İsraillə bağlanmış atəşkəs rejimi və əsirlərin azad edilməsi ilə bağlı sazişin qorunub saxlanılması ilə bağlı Misirdən olan vasitəçilərlə razılığa gəlib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, HƏMAS və İsrail arasındakı razılaşma “ilkin formasında olduğu kimi” qorunub saxlanacaq və bunun əvəzində Qəzza bölgəsinə humanitar və yanacaq yardımının göstərilməsinə şərait yaradılacaq.
HƏMAS-ın şənbə günü azad etməli olduğu növbəti 3 İsrailli əsirin adını qarşı tərəfə təqdim edəcəyi təqdirdə, artıq bugündən etibarən (13 fevral) Qəzzaya tədarük bərpa olunacaq.
Fevralın 10-da HƏMAS-ın hərbi nümayəndəsi Əbu Ubeydə, 15 fevralda evlərinə qayıtmalı olan növbəti girov qrupunun azad edilməsinin təxirə salındığını bəyan edib.
Fevralın 11-də isə İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın 15 fevral günorta saatlarınadək israilli girovları azad etməyəcəyi təqdirdə Qəzzada intensiv döyüş əməliyyatlarının bərpa olunacağı ilə hədələmişdi.