Bakı. Trend:
Yeni Dehli dəmir yolu vağzalında platformada yaranan izdiham nəticəsində 10-u qadın və üç uşaq olmaqla ən azı 15 nəfər həyatını itirib.
Trend xəbər verir ki, bu barədə Hindistanın paytaxtı Dehlinin polisi jurnalistlərə məlumat verib. Hadisə, Hindistanda ən böyük dini bayramlardan biri olan Kumbh Mela zamanı baş verib. Müqəddəs Qanq və Yamuna çaylarının qovuşduğu yerdəki Sanqamda ritual vanna qəbul etmək üçün insanlar Prayaqrac şəhərinə gedən qatarı gözləyirdilər.
Ardıcıl iki qatarın gecikməsi nəticəsində platformada sərnişin sıxlığı yaranıb və izdiham çarpışmalara səbəb olub. Nəticədə 15 nəfər həlak olub, ən azı 10 nəfər isə yaralanıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Hindistanın baş naziri Narendra Modi, həlak olanların ailələrinə başsağlığı verib və zərərçəkənlərə lazımi yardımın göstəriləcəyini bildirib.