...

Misirdə güclü qum qasırğası ilə bağlı qırmızı xəbərdarlıq verilib

Dünya xəbərləri Materials 30 Aprel 2025 08:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 30-da Misir ərazisinin böyük hissəsində şiddətli qum qasırğası gözlənilir.

Trend xəbər verir ki, Misirin Meteorologiya İdarəsi bu səbəbdən qırmızı xəbərdarlıq yayıb.

Qurumun məlumatına görə, küləyin sürətinin saatda 40-60 kilometr arasında dəyişəcəyi, bəzi bölgələrdə isə 80 km/saatadək yüksələrək qasırğa gücünə çatacağı ehtimal edilir. Qasırğa xüsusilə Şimali Yuxarı Misir, Böyük Qahirə, Süveyş kanalı, Sinay yarımadası və Süveyş körfəzi bölgələrində görmə məsafəsinin kəskin azalmasına səbəb olacaq.

Qahirə qubernatoru bildirib ki, müvafiq dövlət qurumları tam hazırlıq vəziyyətinə gətirilib və Milli Təcili Yardım və İctimai Təhlükəsizlik Şəbəkəsi ilə əlaqə saxlanılıb.

Vətəndaşlara açıq havada zəif konstruksiyalardan uzaq durmaq, həmçinin tənəffüs yollarını qorumaq üçün maskalardan istifadə etmək tövsiyə olunub.

Qeyd edək ki, bu tip qum fırtınaları — “Xəmsin” adlanır və adətən mart-may aylarında baş verir. Xəmsin, ərəb dilində “əlli” deməkdir və bu hadisələrin ənənəvi olaraq 50 gün davam etdiyi güman edilir. Meteoroloqlar bildirir ki, son illərdə iqlim dəyişikliyi bu fırtınaların daha şiddətli və gözlənilməz olmasına səbəb olub.

Xəbər lenti

Xəbər lenti