Bakı. Trend:
İranın İsrailə endirdiyi ballistik raket zərbələrindən ABŞ-nin Təl-Əvivdəki səfirliyinə yüngül ziyan dəyib.
Trend “Times of İsrael”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi (Mike Huckabee) paylaşım edib.
“Təl-Əvivdəki Səfirliyin yaxınlığında İran raket zərbələrinin partlayış dalğaları nəticəsində cüzi zərər meydana gəlib, lakin ABŞ personalı arasında xəsarət alan yoxdur”, – o, "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ABŞ-nin səfirlik və konsulluqları hələ də bağlı qalır və sığınacaqda qalmaq göstərişi qüvvədə saxlanılır.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.