Bakı. Trend:
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməliyyatçıları Dağıstanda dəmir yolu sahəsində və dini obyektdə terror aktları hazırlayan iki silahlı şəxs zərərsizləşdirilib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Məlumata görə, cinayətkarların hədəfləri dini ibadət obyekti, həmçinin Şimali Qafqaz Dəmir Yolunun Mahaçqala ərazi idarəsinə aid Mahaçqala-Dərbənd dəmir yolu sahəsi olub.
Müəyyən edilib ki, Dağıstanın iki sakini “Telegram” vasitəsilə bir ekstrimist cəlb edən şəxslə əlaqə qurub və terror aktları törətməyə hazır olduqlarını bildiriblər. Kuratorun göstərişi ilə onlar hədəfləri seçib, kəşfiyyat aparıb və kustar üsulla partlayıcı qurğu hazırlayıblar.
FSB-nin açıqlamasına görə, Qarabudağkənd rayonunun Ullubiyevo dəmir yolu stansiyası yaxınlığında terror aktı törətməyə cəhd zamanı saxlanılarkən şübhəlilər silahlı müqavimət göstərib və cavab atəşi ilə öldürülüblər.
