Ukrayna prezidenti Viktor Yuşenko dövlət və kommunal KİV-in özəlləşdirilməsi tərəfdarıdır. Bu barədə prezident Kiyevdə mətbuat konfransında bildirib.
Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, Ukrayna prezidenti İnformasiya Siyasəti, Televiziya və Radioyayım üzrə Dövlət Komitəsinin sədri İvan Çijin işdən azad edilməsi vacibliyi barədə fikrini dəyişməyib. Dövlət başçısı deyib ki, parlament yaxın vaxtlarda bu məmurun istefasını dəstəkləyəcək. Bundan sonra Ukrayna prezidenti yanında İnformasiya Şurasının yeni tərkibi formalaşdırılacaq.
"Bu bizə dövlət və kommunal KİV-də daha dəqin islahatlar aparmağa imkan verəcək" - deyə V.Yuşenko qeyd edib. "Növbəti addım - hər hansı təzyiqdən, ilk növbədə, hökumətin təzyiqindən azad ictimai televiziyanın yaradılmasıdır" - deyə o vurğulayıb. Ukrayna prezidentinin sözlərinə görə, 40 redaksiya əmlak formasının dəyişdirilməsi ilə bağlı təcrübədə iştirak edir.
"Mən əminəm ki, biz bu sektorda özəlləşdirmə düstürünü tapmışıq" - deyə V.Yuşenko əlavə edib.