Türkiyənin Xarici İşlər Nazirliyi Fransa və Kipr arasında hərbi əməkdaşlıq haqqında imzalanmağa hazırlanmış müqavilə ilə bağlı izahat almaq üçün diplomatik kanallar vasitəsilə Parisə müraciət edib.
Türkiyə KİV-i qeyd edir ki, müqavilənin bu ilin sentyabrında imzalanması nəzərdə tutulur. Müqaviləyə əsasən, Fransa SQ-yə Baf şəhərindəki aerodromdan istifadə etməyə və bu ölkənin hərbi qulluqçularının yerləşdirilməsinə icazə veriləcək.
Trend in Türkiyədəki xüsusi müxbirinin məlumatına görə, Türkiyə XİN hesab edir ki, belə müqavilə adanın statusunu müəyyən edən "Kiprin zəmanətləri haqqında" mövcud müqavilə ilə ziddiyyət təşkil edir. O da qeyd edilir ki, belə müqavilənin imzalanması Türkiyə-Fransa münasibətlərinə ziyan vuracaq.
Fransanın Kiprdə hərbi baza yaratmaq niyyəti ilə bağlı Ankaranın narahatlığı təsdiqlənərsə, Parisə etiraz notası göndəriləcək. Türkiyə bu məsələ ilə bağlı Kiprin digər qarantı və eyni zamanda burada hərbi bazaya malik olan Böyük Britaniya ilə danışıqlar aparmağı planlaşdırır.