ABŞ-ın ticarət naziri Karlos Qutyerres bu günə Ukraynaya planlaşdırdığı səfəri təxirə salıb. RBK-ya ABŞ-ın Kiyevdəki səfirliyindən verilən məlumata əsasən, bu qərar ölkədəki vəziyyətin gərginləşməsi ilə əlaqədar qəbul olunub. Səfərin yeni müddəti diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
K.Qutyerres Ukraynaya Rusiyaya səfərindən sonra baş çəkəcəkdi. O, ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbulu, neft-qaz, aviasiya, yüksək texnologiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırmışdı. K.Qutyerresin baş nazir Viktor Yanukoviç və iqtisadiyyat naziri Anatoli Kinaxla görüşləri planlaşdırılmışdı. Bu barədə RBK məlumat verib.
Xatırladaq ki, bir gün əvvəl A.Kinax bəyan edib ki, daxili siyasi böhran Ukraynanın nəzərdə tutulduğu kimi 2007-ci il yayın ortalarında ÜTT-yə daxil olması müddətini poza bilər.