...

Binəqədi rayonunda "Qarabağ dastanı" layihəsinin yekun tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 25 İyun 2016 16:13 (UTC +04:00)

Bakı. Trend:

Binəqədi rayonunda Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon rəşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Qarabağ dastanı” layihəsinin yekun tədbiri keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənov, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqov, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Gəray Fərhadov, Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, millət vəkilləri Mahir Abbaszadə, Bəxtiyar Əliyev, İmamverdi İsmayılov, Flora Qasımova, Elman Məmmədov və Madər Musayevin iştirak etdiyi tədbir canlı orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.

Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva tədbir iştirakçılarına “Qarabağ dastanı” layihəsi haqqında geniş məlumat verdi.

“Qarabağ dastanı” tamaşasında Qarabağ torpağının Azərbaycana bəxş etdiyi Ağabəyim ağa, Aşıq Dirili Qurbani, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyov, Qaçaq Nəbi, Mir Həmzə Seyyid Nigari, Mirmehdi Xəzani, Sultan və Xosrov bəy qardaşları, Pənahəli xan, Mirzə Camal bəy kimi tarixi qəhrəmanlardan, şəxsiyyətlərdən bəhs olundu.

Belə ki, tədbir zamanı Qarabağ mahalının bir birindən gözəl, cənnətdəki irəm bağlarını xatırladan Xankəndi, Xocalı, Şuşa, Ağdərə, Əsgəran, Xocavənd, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Ağdam, Füzuli, Cəbrayıl kimi obalarımızın gözəlliyi Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağanın dilindən səsləndirildi.

Tədbir zamanı izləyicilərin diqqətinə bir daha çatdırıldı ki, Qarabağda yaşamış insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaradıb. Öz kökləri ilə ta qədim dövrlərə gedib çıxan Qarabağ təsviri sənət ənənələri özündə neçə-neçə nəsillərin bədii təcrübəsini yığıb saxlayıb.

Həmçinin öz nəfisliyi və zərifliyi ilə seçilən memarlıq abidələrini – məscidləri, məqbərələri, sarayları, kilsələri, məbədləri və kaşı naxışlarını da xatırlamamaq mümkün deyil. Bütün bunlar Azərbaycan xalqının bədii mədəniyyətinin özünəməxsus genofondunu yaradıb, onun zəngin irsini təşkil edib. Həmin irs XIX əsrin ortalarından yeni tendensiyalarla daha da dolğunlaşıb. Bu dövrün əsas nümayəndələri kimi istedadlı fırça ustaları Mir Mövsüm Nəvvab, şair və rəssam Xurşudbanu Natəvan və bir çox digərləri çıxış edirdi. Öz zənginliyinə və öz unikallığına görə Qarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz tərkib hissəsi olmuşdur və olacaq.

Layihə çərçivəsində keçirilmiş işğal altında olan rayonlarımıza həsr olunmuş ən yaxşı təqdimatlardan ibarət ssenari nümayiş etdirildikdən sonra rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında vətənpərvərliyə həsr olunmuş ifa səsləndi və Azərbaycan bayrağı əsgərlərin, gənclərin müşayiəti ilə səhnədə dalğalandırıldı.

Tədbirin sonunda 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bir sıra hərbi qulluqçular, həmçinin “Qarabağ dastanı” layihəsinin ssenari müəllifi və musiqi tərtibatçıları, eyni zamanda bu layihədə yer tutmuş məktəblərin kollektivləri mükafatlandırıldılar. Mükafatlar Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənov, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, Milli Məclisin deputatları İmamverdi İsmayılov və Bəxtiyar Əliyev təqdim edildi.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbirdə çıxış edərək tədbirdə iştirak edən şəhid ailələri, əsgərlər, valideynlərə, layihədə iştirak edən müəllimlər və şagirdlərə, gənclərə və rayon ictimaiyyətinin nümayəndələrinə öz təşəkkürünü bildirdi. Natiq vurğuladı ki, Azərbaycan ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir. Hər bir şəhidimiz bizim üçün əzizdir. Bu gün ön cəbhədə döyüşən əsgərlərimizlə yanaşı arxa cəbhədə də hər kəs öz üzərinə düşəni etməlidir. Bu gün biz burda cəbhədən uzaq olsaq da hər birimizin fikri, duası əsgərlərimizlədir. Hazırda güclü dövlətimiz, Ali Baş Komandanın, cənab Prezidentin bir əmri ilə irəli getməyə hazır olan rəşadətli ordumuz var.

Baş nazirin müavini Əli Həsənov tədbirə yekun vuraraq layihə çərçivəsində ərsəyə gələn tədbirlə bağlı təəssüratlarını bölüşərək, Azərbaycanın tarixinə sahib çıxdığını, milli- mənəvi dəyərlərinə sadiqliyini və güclü dövlətçilik ənənələrinə malik olduğunu bildirdi.

Natiq diqqətə çatdırdı ki, aprel döyüşlərində xalq öz ordusunun gücünü, ordu isə xalqın dəstəyini hiss etdi. Gənclərimiz Ali Baş Komandanın bir çağırışı ilə hər zaman Vətənin müdafiəsinə hazırdır. Aprel döyüşlərində qazandığımız uğurlar hər birimizdə böyük ruh yüksəkliyi yaradıb. Artıq Ermənistan tərəfi qorxu içərisində yaşayır. Düşmən tərəfə bir daha məlum oldu ki, Azərbaycan Ordusu güclü ordudur. Bütün bunlar möhtərəm Prezidentimizin ordu quruculuğundakı uğurlu islahatlarının bariz nümunəsidir.

Eyni zamanda natiq gənclərin milli-mənəvi və vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edən bu kimi layihələrə, tədbirlərə böyük ehtiyac olduğunu qeyd etdi və belə layihələrə üstünlük verilməsini tövsiyə etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti