...

"Azərbaycan təhsili müstəqillik illərində" elmi-praktik konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Sentyabr 2016 12:53 (UTC +04:00)

Bakı. Trend:

Binəqədi rayonunda 2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş “Azərbaycan təhsili müstəqillik illərində” elmi-praktik konfrans keçirilib.

Binəqədi rayonu İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Gövhər Baxşəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru, professor Əminağa Sadıqov, “Rio de Janeyro-2016 Yay Olimpiya Oyunları”nın gümüş medalçısı Rüstəm Orucov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayonun tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, orta məktəbi qızıl medalla bitirmiş məzunlar İbrahim Əlizadə və Səbinə İsayeva, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları və qonaqlar ilk öncə Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasının qarşısında yerləşən abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildiriblər.

Konfrans Nuray Rəhman və Binəqədi rayonu 3 nömrəli tam orta məktəbin xor ifaçılarının “İgid əsgər möhkəm dayan” musiqisinin ifası ilə başlayıb. Konfransın rəsmi açılışı elan olunduqdan sonra “Azərbaycan təhsili müstəqillik illərində” filmi nümayiş olunub.

Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Binəqədi rayonunda 2015-2016-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər” barədə hesabat məruzəsi ilə çıxış edib. A.Əliyeva bildirib ki, təhsil Prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edilir. Məhz bu sahəyə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoyub, xeyli nailiyyətlər əldə edilib. Təhsilin inkişafı üçün tələb olunan şərtlərdən biri təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi, yüksək səviyyəli təhsil mühitinin yaradılmasıdır. Bu baxımdan ölkəmizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, ötən 10 il ərzində Binəqədi rayonunda 25 məktəbdə əsaslı təmir aparılıb. Eyni zamanda, 18 məktəbdə əlavə korpuslar tikilib istifadəyə verilib.

Bu il rayonumuzun orta məktəblərini bitirən 2441 məzundan 1354-ü ali məktəblərə qəbul olub. 600 və 600-dən yuxarı bal toplayanların sayı əvəllki illərə nisbətdə göstəricilər yüksələrək 90 nəfər olub. 650-dən çox bal toplayanların sayında da keçən illə müqayisədə 11 nəfər artaraq 34 nəfər təşkil edib. Sevindirici haldır ki, son illər ümumtəhsil məktəblərinin birinci siniflərində şagird qəbulunun sayı artmaqda davam edir. 2015-2016-ci dərs ilində avqust ayının sonuna qədər olan məlumata görə, I sinfə 6000 nəfərdən çox şagird qəbul olunub və 185 sinif açılıb.

Konfransda millət vəkili Gövhər Baxşəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru, professor Əminağa Sadıqov çıxışlarında hazırda dünya standartlarına cavab verə biləcək səviyyədə, yüksək keyfiyyətli təhsil almaq üçün dövlət tərəfindən hərtərəfli şəraitin yaradıldığını bildiriblər.

Konfrans ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş – 301 nömrəli tam orta məktəbin məzunu Günay Bədirli, 182 nömrəli tam orta məktəbin məzunu Paşa Şamilov, 182 nömrəli tam orta məktəbin qızıl medalla bitirmiş məzunu Səbinə İsayeva, “Rio de Janeyro-2016 Yay Olimpiya Oyunları”nın gümüş medalçısı Rüstəm Orucovun çıxışları ilə davam edib.

Çıxışlara yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından danışıb. X.İsgəndərov Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü, inkişaf və tərəqqiyə, ölkəmizin milli maraqlarına söykənən siyasətin mühüm istiqamətlərindən birinin təhsil siyasəti olduğunu vurğulayıb. Natiq Azərbaycanda təhsilin inkişafının birbaşa dövlət başçısının diqqət mərkəzində olduğu bildirib.

Konfransın sonunda ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təltif olunublar. Yekunda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanmış gənclərlə xatirə şəkli çəkdirilib.

Konfransa məzunların ifasında “Azərbaycan” mahnısı ilə yekun vurulub.
Konfransdan sonra iştirakçılar üçün çay süfrəsi təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti