...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ISESCO –nun Xoş Məramlı səfiri adına layiq görülüb

Siyasət Materials 23 Noyabr 2006 18:11 (UTC +04:00)
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ISESCO –nun Xoş Məramlı səfiri adına layiq görülüb

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoş Məramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı Mehriban Əliyeva sivilizasiyaların yaxınlaşmasında xidmətlərinə görə İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı- ISESKO-nun Xoş Məramlı səfiri adına layiq görülüb. Bu barədə Trend xəbər verir.

"Mehriban Əliyeva - təşkilatın bu yüksək adına layiq görülmüş ilk qadındır", - deyə ISESCO-nun baş direktoru doktor Əbdüləziz bin Osman əl Tuveycri Azərbaycanın birinci xanımına fəxri adın verilməsi haqqında diplomu ona təqdim edərkən bildirib. Onun sözlərinə görə, təşkilata 50-dən çox islam dövləti daxildir.

Qeyd edək ki, təşkilatın Xoş Məramlı səfiri adlarına indiyədək islam dünyasının üç görkəmli dövlət və ictimai xadimi layiq görülüb.

ISESCO-nun baş direktoru Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi xidmətlərini, Fond tərəfindən həyata keçirilən təhsil və mədəniyyətin inkişafına xüsusi diqqəti və qayğıya ehtiyacı olan insanların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş proqramları yüksək qiymətləndirib. O, Azərbaycan və ISESCO arasında əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib.

"İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı ISESCO -nun mükafatına layiq görülmək mənim üçün böyük şərəfdir", - deyə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mükafatlandırma mərasimində bildirib. Xalqlar arasında dialoqun qurulması sahəsində fəaliyyət göstərən ISESCO öz növbəsində həm də sülh və təhlükəsizliyin qarantıdır.

Mehriban Əliyevanın sözlərinə görə, ISESCO fəaliyyətinin istiqamətlərindən biri islam ölkələri ərazilərindəki mədəni və tarixi dəyərlərin müdafiəsidir. O qeyd edib ki, bu gün Azərbaycanın 20%-dən çox ərazisi Ermənistanın işğalı altındadır və orada Azərbaycanın mədəni və tarixi abidələri vəhşicəsinə məhv edilir. "Biz bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırırıq və bu sahədə ISESCO-nun əməkdaşlığına böyük əhəmiyyət veririk", - deyə Mehriban Əliyeva bildirib.

Xəbər lenti

Xəbər lenti