...

Polşa səfiri: Avropa Oyunları Azərbaycanın dünyada tanınmasına imkan yaradacaq

Baku 2015 : EUROGAMES Materials 20 May 2015 15:39 (UTC +04:00)
Avropa Oyunları Azərbaycanın dünyada, o cümlədən Avropada tanınmasına imkan yaradacaq.
Polşa səfiri: Avropa Oyunları Azərbaycanın dünyada tanınmasına imkan yaradacaq

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Səba Ağayeva/

Birinci Avropa Oyunları Azərbaycanın dünyada, o cümlədən Avropada tanınmasına imkan yaradacaq. Bunu Trend-ə Polşanın Azərbaycandakı səfiri Marek Tsalka deyib.

Onun sözlərinə görə, Azərbaycana gələcək turistlər ölkənin tarixi, mədəniyyəti və nailiyyətləri ilə tanış ola biləcəklər: "Avropa Oyunları Azərbaycana gələnlərin sayını artırmağa xidmət edəcək".

Diplomat qeyd edib ki, turizm Azərbaycan kimi ölkənin dünyada populyarlaşmasının ən asan formasıdır: "Azərbaycana səfər edəcək turistlərin özləri xaricdə ölkəni reklam edəcəklər".

M.Tsalka əlavə edib ki, hər irimiqyaslı idman hadisəsi böyük vəsait və səy tələb edir: "Lakin tikiləcək obyektlər gələcək üçün saxlanılacaq. Yollar, binalar və hotellər də həmçinin".

Səfirin sözlərinə görə, təqribən 200 polşalı idmançı, ölkənin idman naziri və Polşa Olimpiya Komitəsinin sədri Oyunlarda iştirak etmək üçün Bakıya gələcək.

Diplomat diqqətə çatdırıb ki, iyunun 13-də Bakıda Polşa mədəniyyət gününün keçirilməsi planlaşdırılır: "Bakıda polşalı dirijorun rəhbərliyi altında Filarmoniya orkestrinin konserti olacaq, iki sərgi təşkil ediləcək. Onlardan biri müasir Polşa mədəniyyətinə, digəri isə polşalı arxitektorların Bakıda tikdikləri binaların fotoqramına həsr ediləcək. Polşa mətbəxini təqdim edəcəyik, moda nümayişi keçirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti