Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir İlkin İzzət/
"Bu qələbəmi bir il əvvəl həyatdan köçmüş qayınatamın xatirəsinə həsr edirəm".
Trend xəbər verir ki, bunu bu gün Bakı-2015 birinci Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında 48 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan təmsilçisi Mariya Stadnik deyib.
M.Stadnik ilk Avropa Oyunlarının qalibi olduğuna çox sevindiyini bildirib: "Çox sevinirəm ki, qızıl medal qazanmışam. Bu mənim üçün böyük şərəfdir. Mən həm də Avropa Oyunlarının elçisi idim, daha sonra məşəli daşıyanlardan biri oldum. İndi isə həm də Avropa Oyunlarının qalibiyəm. Buna görə çox xoşbəxtəm. Çox razıyam ki, bu gün məni bu qədər tamaşaçı dəstəklədi. Onlara minnətdaram. İlk növbədə, Prezident İlham Əliyev və onun ailəsinə minnətdarlığımı bildirirəm. Mən gözəl güləş göstərmək istəyirdim ki, hamının xoşuna gəlsin. Ona görə də indi sevincimdən göyün 7-ci qatındayam".
Yarış boyu bütün rəqiblərinə vaxtından əvvəl qalib gələn Azərbaycan güləşçisinin sözlərinə görə, o, başqa cür edə də bilməzdi.
Rəqiblərindən nisbətən polşalı idmançını fərqləndirən Mariya ondan qorxmasa da, hər halda ona qarşı rahatlaşmadığını bildirib. Ümumiyyətlə isə o, dünya səviyyəsində rus və yapon güləşçiləri digərlərindən daha güclü hesab etdiyini deyib.
O, karyerası ərzində onun üçün hansı medalın əziz olduğunu da açıqlayıb: "Yəqin ki, uşaq vaxtı qazandığım medallar daha əzizdir. Çünki mən onları alanda böyük emosiyalar yaşayırdım. O vaxt bu mənim üçün böyük xoşbəxtlik idi".
Güləşçimiz təltifetmə mərasimində bu dəfə Azərbaycan himnini özünün də oxumasına aydınlıq gətirib: "Bəli, bu dəfə özüm də oxudum. Axır ki, az da olsa, müəyyən qədər əzbərləyə bildim. İlk dəfə idi ki, himni oxuyurdum. Sadəcə, hər dəfə qulaq asırdım. Bəlkə də nəyisə düz oxumuram, çünki özüm öyrənmişəm".
O, hətta sonda Azərbaycan dövlət himnindən bir parçanı təkrarən oxumaqdan çəkinmədi.