...

Bu gün cüdoçularımız Azərbaycanın medal sayını artıra biləcəkmi?

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 10:01 (UTC +04:00)
Bu gün Bakı-2015 I Avropa Oyunlarında cüdo üzrə yarışlarda daha 5 çəki dərəcəsində idmançılar mübarizə aparacaqlar.
Bu gün cüdoçularımız Azərbaycanın medal sayını artıra biləcəkmi?

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakı-2015 I Avropa Oyunlarında cüdo üzrə yarışlarda daha 5 çəki dərəcəsində idmançılar mübarizə aparacaqlar. Trend-in məlumatına görə, bu çəkilərdən yalnız birində (qadınlar, +78 kq) Azərbaycan təmsilçisi çıxış etməyəcək.

Bu gün 5 cüdoçumuz tatamiyə çıxacaq. Bir çəki dərəcəsində Azərbaycan iki idmançı ilə təmsil olunacaq.

Kişilər

90 kq

İlk mərhələdən azad olan Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulacaq. Qurbanov, özü kimi, bu mərhələdən yarışa qatılacaq portuqaliyalı Çelio Diasla qarşılaşacaq. Görüş saat 13:00-da başlayacaq.

100 kq

Bu çəkidə Azərbaycanın iki güclü cüdoçusu çıxış edəcək. Öncə mübarizəyə Elxan Məmmədov qoşulacaq. Dünya çempionumuz saat 12:24-də 1/16 final görüşünə çıxacaq. 33 yaşlı idmançımızın rəqibi özündən 12 yaş kiçik olan Zlatko Kumriç (Xorvatiya) olacaq.

Bayraqdarımız Elmar Qasımov isə 1/16 finalı azarkeş qismində keçirəcək və növbəti mərhələdəki rəqibini gözləyəcək. O, 1/8 finalda Jorje Fonseka (Portuqaliya) - Qriqori Minaşkin (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan millisinin kapitanının görüşü 13:54-ə təsadüf edəcək.

+100 kq

Bu çəkidə ölkəmizi təmsil edəcək Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşacaq. Təmsilçimiz saat 12:06-da başlayacaq bu görüşü qalib kimi tamamlaya bilsə, növbəti mərhələdə gürcüstanlı Levani Matiaşvili sınağına çıxacaq.

Qadınlar

78 kq

Qadınların yarışında mübarizə aparacaq Günel Həsənli 1/16 final mərhələsində özündən qat-qat təcrübəli cüdoçu ilə görüşəcək. 18 yaşlı idmançımız dünya və Avropa çempionatlarında dəfələrlə iştirak etmiş Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirəcək. O, saat 12:42-də startı veriləcək görüşdən qalib ayrılarsa, 1/8 finalda London Olimpiya Oyunlarının bürünc mükafatçısı və dünya çempionu titulu olan Odrey Seumeoya (Fransa) rəqib olacaq.

Qeyd edək ki, cüdo yığmamızın aktivində 1 gümüş medal var. 60 kq çəki dərəcəsində Orxan Səfərov yalnız finalda məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti