Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir Ş.Cavadsoy/
"Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətində adını şounu tərk edən məğlublar sırasına yazdıran tanınmış Azərbaycan rejissoru və klipmeykeri Kənan M.M. susqunluğunu Trend-ə verdiyi müsahibəsində pozdu. Əmin ola bilərsiniz ki, klipmeykerin iştirakçısı olduğu şounun təfərrüatları barədə səsləndirdiyi fikirlər sizi çox mətləblərdən agah edəcək:
- Tamaşaçılara məlumdur ki, "Maşın" realiti-şousunun ilk sürətində adi insanlarla mübarizə aparan ilk tanınmış sima elə mən olmuşdum. O vaxt şounu tərk etdiyim zaman çox məyus olmuşdum. Amma ikinci dəfə elə də üzülmədim. Çünki birinci dəfə iştirakçı olmuş Kənanla "Revanş" sürətinə qatılmış Kənan arasında çox böyük fərq var idi. Hər an şounu tərk etmək, uduzmaq ehtimalını əlimdə bayraq tutub getmişdim. Şans oyunları əqidəmə haram olsa da, bu dəfə şouya qatılmağa razılıq verərkən nəfsimə qalib gələ bilmədim. Yəni uduzduğum zaman gözlərim önündə canlandı ki, mən haram bir iş tutduğum üçün məğlub olmağımda kimsəni günahlandırmamalıyam. Başa düşdüm ki, avtomobil əlimdən getdi, amma məni evimdə Allahdan aldığım ən qiymətli hədiyyəm - oğlum gözləyirdi. Özlüyümdə bir daha əmin oldum ki, Azərbaycan xalqı Maestro Ceyhunu məndən çox istəyir.
- Kənan, nə səbəbdən şou başlayan gündən həmkarın Aqil M.Quliyevlə iki iştirakçıdan ibarət qrup yaratmadınız? İkiniz də eyni sənət sahibisiniz və qrup yaratmaqla güclərinizi birləşdirmiş olardınız...
- Bu barədə düşünməmişdim. Bir daha şounu tərk etdiyim günə qayıtmaq istəyirəm. Canlı yayım başlamamışdan öncə üzümü Ceyhuna tutub dedim ki, mən səninlə açıq mübarizə aparmaq istəyirəm. Dəfələrlə sual verdim ki, olar? Özü də bunu təsdiqləyər ki, ondan halallığını almışdım. Müsbət cavab aldım. Amma veriliş başlayan müddətdə özü mənə yaxınlaşıb, rəngi ağarmış formada xahiş etdi ki, mənim adımı çək, de ki, mənimlə mübarizə aparırsan. İstəsəydim başqa varianta əl atardım. Məsələn, müğənni Günelin adını çəksəydim, bilirdim ki, o, səs yığmayacaq. Amma son məqamda tamaşaçılardan dəstək yığdığımı dəqiqləşdirəndən sonra deyərdim ki, Ceyhun, səni uzaqlaşdırıram şoudan. Şouda bir prinsipim var idi, tülkü kimi hiylə işlədib oyunda qalmaqdansa, kişi kimi alınıaçıq, məğlub olub getmək daha yaxşıdır. Bu iki gündə tanımadığım insanlar şəhərdə məni görüb, əlimi sıxıb, "halal olsun sənə" deyirlər. Mənim qələbəm budur.
- Yəqin özün də təsdiqləyərsən ki, "Maşın şou"nun meydanında sanki iştirakçılar real həyatdan təcrid olunurlar. Əsəblər tarıma çəkilir, kimi yaxşı, kimi də mənfi xüsusiyyətlərini tam çılpaqlığı ilə tamaşaçılar qarşısında nümayiş etirir. Və maraqlısı ondadır ki, heç bir iştirakçı bunu öz istəyi ilə reallaşdıra bilmir...
- Bilirsiniz necədir, mənim iç dünyam necədirsə, əməllərimdə də bunu göstərirəm. Hoteldə keçirdiyimiz vaxtlarda işitirakçıların otağına zəng vurub, kiminləsə məsləhətləşmirdim. Səsvermə zamanında da sadəcə kiminsə şəklini qutuya atmalıyam prinsipi ilə adsım atırdım. Əgər bir neçə iştirakçının qərarı ilə mənim də seçimim üst-üsə düşürdüsə, bu o demək deyil ki, Kənan kimlərləsə qruplaşıb. Bu sözü deməyin özü məsuliyyətlidir. Və bunu sübut edə bilməyən insan saxta insandır. Dəfərlə mən hoteldə eşitmişəm ki, Ceyhun mobil telefonun selektoru ilə kimlərləsə danışaraq deyirdi ki, "Kənanı vuraq, Kənanı vuraq". Amma maşına oturanda deyirdi ki, "sən qardaşsan". Bu sözləri eşitmək məni güldürürdü. "Maşın şou"da iştirakımın ən böyük uğuru o oldu ki, oyun zamanı bir çox sənətçilərlə yaxın oldum. Hətta bir neçə insanla qardaş da oldum. Götürək elə müğənni Abbas Bağırovu. Mən onun çox yaxşı insani keyfiyyətlərini özüm üçün aşkarladım. Həmçinin xalq artisti Aygün Kazımova ilə, aktyor Müşviq Şahverdiyevlə də yaxından dost olduq. Bütün bunlara görə şounun təşkilatçısı və aparıcısı Murad Dadaşova təşəkkürümü bildirirəm.
- Söhbətə başlayanda əminliklə dedin ki, Azərbaycan xalqı Maestro Ceyhunu məndən çox istəyir. Bəlkə onun pullu dostları daha çoxdur?
- (sualımızı tamamlamağa imkan vermir) Mən onu elə qiymətləndirməzdim. Mənə səs verənlər mənim kimi idi, onu dəstəkləyənlər Ceyhun kimidir. Deməli, Azərbaycanda Ceyhun kimilər daha çoxdur.
- Bəs, dünən Aqil M.Quliyev tamaşaçılardan səs toplamağa çıxanda ona dəstək oldunmu?
- Təbii.
- Səncə, Aqilin məğlub kimi şounu tərk etməsinin səbəbi nədən ibarətdir? Axı, o da hədəfinin skripkaçı Ceyhun olduğunu açıqlamışdı...
- Məncə, Aqilin getməyinin səbəbi də sırf mübarizə üstündə qurulmuşdu. Ceyhun şouya gəldiyi ilk gündən "açıq mübarizə, açıq mübarizə" deyərək hayqırırdı. Ona görə ki, nəyəsə arxalanır, nəyisə var. Nəyə görə birinci dəfə bu şouya qatıldığı zaman heç kimi açıq mübarizəyə çağırmırdı? Ancaq bu dəfə gəldiyi gündən açıq mübarizənin tərəfdarı kimi çıxış edirdi? Öz adımdan danışacağam. Özümə görə kişiyəm. Və bu günə qədər güllə altından qaçmamışam, nə oldu, indi Ceyhunun mübarizəsindən qaçacağam? Bilirsiniz necədir? Ən böyük boks yarışmalarında belə, lap elə Məhəmməd Əli ilə Mayk Taysonla üz-üzə gəlsələr belə, bu ikisindən biri qalib gəlməlidir. Burada ikisindən birinin qalib gəlməsi mütləqdir. Döyüşdə heç-heçə, ikisinin də nokaut vəziyyətə düşməsi ehtimalı yoxdur. Əgər bu dediklərimi şouya şamil etsək, uduzan iştirakçı oyunu tərk edirsə, o pis insandır və yaxud da imanı yoxdur. Düzdür, Kənan M.M. üçün maşın əldən getsə də, təki dinimiz, imanımız, abrımız əldən getməsin...
FOTO: Şahin Cavadsoy