...

İstanbul macəraları: Tramvayla "Taksim"dən İstiqlala qədər rəngarəng gecə həyatı (II HİSSƏ-FOTO)

Mədəniyyət Materials 6 Aprel 2011 18:45 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərinə məlum səfərim haqqında birinci yazımdan sonra yenidən sevimli diyar haqqında fikirlərimi bölüşmək sizin qədər özümə də maraqlıdır.
İstanbul macəraları: Tramvayla "Taksim"dən İstiqlala qədər rəngarəng gecə həyatı (II HİSSƏ-FOTO)

Türkiyə, İstanbul, 6 aprel /Trend, müxbir Ş.Cavadsoy/

Türkiyənin İstanbul şəhərinə məlum səfərim haqqında birinci yazımdan sonra yenidən sevimli diyar haqqında fikirlərimi bölüşmək sizin qədər özümə də maraqlıdır.

Axşam saatlarında Beşiktaş rayonunda tanınmış türk prodüseri, İstanbulda olduğum zaman qardaşlığını yetərincə sübut etmiş Kemal Cenk İçtenlə görüşməli idik. Bu arada uzun illərdən bəri Türkiyədə yaşayan və model kimi fəaliyyət göstərən "Best Model of Azerbaijan-2010" müsabiqəsinin qalibi Günay Musayeva və dostlarımdan biri Arzu Abıyeva ilə də görüşməyi düşünürdüm. Hava tam qaraldığından Cenk bəyin dediyi kimi "Beşiktaş meydanı"nında yerləşən üst keçidin yanına gəldim. Çox keçmədi ki, görüşümüz baş tutdu. Sevincimi bölüşməyə vaxtımız yetərincə olduğu üçün avtomobilə minəndən düşənə kimi yol boyu təəssüratlarımı bölüşməkdən yorulmurdum. "İstanbula gəlib "Taksim"i, küçədə qaynayan insanların asudə vaxtlarını necə keçirdiklərini görməmək istənilən qonaq üçün ən böyük itki olar", - bu sözlər Cenk bəyin dilindən səsləndi. Və məndə o andan etibarən "Taksim"i görmək arzusu yarandı.

"Taksim meydanı" İstanbulun Beyoğlu rayonunda yerləşir. Və şəhərin ən çox izdiham yaşanan meydanlarından biridir. Burada sanki gecə ilə gündüz vəhdət təşkil edir. Adama elə gəlir ki, məşhur meydandan başlanan ucu-bucağı görünməyən "İstiqlal küçəsi"nin sonu yoxdur.

Məlumat üçün bildirim ki, Osmanlı İmperiyası dönəmində meydanda yaxın rayonlarda yaşayan insanların su ilə təmin olunması üçün su anbarı fəaliyyət göstərib. Su məhəllələr arasında paylaşdırıldığından (türk dilində taksim etmək bölüşdürmək mənasını daşıyır - Ş.C.) meydan da adını bu sözdən götürüb. Böyük sahəsi olan "Taksim"ə əzəmət verən isə italiyalı heykəltaraş Pietro Kanonikanın 1928-ci ildə meydanın tam mərkəzində ərsəyə gətirdiyi "Cümhuriyyət abidəsi"dir. Abidə xilaskar ordunu və cümhuriyyətin qurulmasını simvollaşdırır. "Taksim" meydandakı abidəyə Mustafa Kamal Atatürkün marşalları Mustafa İsmət İnönü və Fövzi Çakmakı, eləcə də türk xalqını təcəssüm etdirən fiqurlar daxildir.

Meydanın başlanğıcından küçənin sonunda tamamlanan tunelə qədər nostalji xatirələri özündə yaşadan tramvay da şəhər sakinlərinin, eləcə də qonaqların sözügedən küçədə istifadə etdikləri yeganə nəqliyyat vasitəsidir.

Cenk bəyin maraqlı söhbətinə qulaq kəsilərək İstiqlal küçəsinin hər yerini görmək niyyətimi gerçəkləşdirməyə çalışırdım. Qonaq olduğumu nəzərə alan Cenk İçten xasiyyət etibarı ilə çox səbrsiz olsa da, mənim bütün suallarımı cavablandırmağa çalışırdı. Bəzən unudurdum ki, o, ixtisasca tarixçi yox, turizm işçisi və prodüserdir. Ayaq saxladığımız ilk böyük məkan "İstiqlal kitab evi" oldu. Oğlu Dənizin öncədən verdiyi sifarişə uyğun olaraq bir neçə kitab alan dostum türk dilinə sonsuz sevgisi olan azyaşlı bacım oğlu Firuza da hədiyyə olaraq bir kitab aldı. Kitab evinin rəhbərliyindən icazə alıb, iki mərtəbədən ibarət olan mərkəzdə çəkiliş etdim. Beləcə gecə gəzintimiz davam edirdi. Baxmayaraq ki, saatın əqrəbləri 23:00-ı göstərirdi (bu isə Bakı vaxıilə gecə saat 01:00 demək idi), əsla gözümə yuxu getmirdi. Məhəllədə yerləşən kiçik restoranların birində əyləşirik. Cenk bəy həm özünə, həmdə mənə Türkiyə mətbəxində ən ləziz təam hesab olunan qoyun içalatından "kokereç" (bağırsaq bükməsi) sifariş edir. Açığı yediyimin bağırsaq olduğunu bildiyim andan onu dadmaqdan imtina edib, doyunca ayrandan içdim. Damağ dadıma yad olan yeməkdən imtina etdiyimi görən etibarlı bələdçi yeyə biləcəyim şişə çəkilmiş balıq delikatesi sifariş verdi. Masada əyləşən bir neçə türk Azərbaycandan olduğumu bilib, Bakı haqqında eşidib-bildiklərini mənimlə bölüşürdülər. Beləcə onlarla sağollaşıb gəzintimizə davam edirik. "Çiçək pasajı", yaşı min illərə söykənən məscid və kilsənin, 20-30 insanın əyləndikləri restoranların qarşısında çəkiliş aparmağın nə dərəcə icazəli olub-olmamasına baxmayaraq, fotoaparatımı söndürmək niyyətində deyildim. Beləcə yenidən mərkəzi küçəyə qayıdırıq.

Burada isə rahat şəkildə dolaşan itlər diqqətimdən yayınmır. Bu dəfə sual verməyimi gözləməyən Cenk bəy özü məlumat verir ki, bəs İstanbul Böyük Bələdiyyəsinin tabeçiliyində olan qurumlar sahibsiz heyvanları nəzarətdə saxlayırlar. Belə itlər "bələdiyyə itləri" adlanır ki, onların bir qulağına möhürlü nişan vurulur. Bu, həm də itlərin təmiz olmasına işarədir. İnsanın ən etibarlı dostu hesab edilən itlərin bu cür qayğı ilə əhatə olunmasını görmək mənə qəribə gəlsə də, əslində bunu özlüyümdə çox təqdirəlayiq hal kimi qiymətləndirdim...

Cenk bəy illərdən bəri kaset və CD, eləcə də DVD satışı ilə məşğul olan, müştərilərinin "Cihat baba" kimi tanıdığı yaxın dostu ilə tanış olmağım üçün onun mağazasına getməyimizi təklif edir.

Dərhal razılaşır və bir çox türk müğənnilərin dostluq münasibətində olduğu həmin insanı tanımaq istəyimi dilə gətirirəm. Beləcə Cihat bəylə tanışlığımız baş tutur. Suallarım, bir də sərbərt türkcə danışmağını görən işinin peşəkarı hətta mənə zarafatla mağazasında işləməyi də təklif etdi. (İstanbulda olduğum müddət ərzində demək olar ki, hər gün Cihat bəyin görüşünə gedirdik. Və sonuncu görüşümüzdə o mənə çox sevdiyim "Izsız adam" filminin orijinal DVD-sini hədiyyə etdi -Ş.C.)

Gec olduğu üçün qardaş şəhərə ilk səfərimdə yetərincə dəstəyini əsirgəməyən "Akkaya production"ın yerləşdiyi ofisə gedə bilmədik. Amma növbəti gün prodakşının rəhbəri Əhməd Akkaya ilə görüşüb maraqlı reportajı gerçəkləşdirdim. Bu barədə yaxın günlərdə sizə yazı təqdim edəcəyəm. Yenidən "Taksim"ə qayıdırıq. Burada film çəkildiyinin şahidi oluruq.

Yaxınlaşıb çəkiliş etmək istədiyimi rejissora deyən kimi razılıq almağa müvəffəq oldum. Öyrəndim ki, aktyorlar 10 aprel Türk Polislərinin peşə bayramı üçün hazırlanan tanıtım çarxında rol almaq üçün kamera qarşısına keçiblər.

Yaradıcı heyətə uğurlar arzulayıb, İstanbulun Nişandaşı qəsəbəsinə yollanırıq. Əvvəldə qeyd etdiyim kimi, illərdən bəri İstanbulda yaşayan Arzu adlı tanışımdan birini görmək üçün... Arzu da dolayısı ilə Türkiyə şou-biznesində fəaliyyət göstərən ulduzların əhatəsində sayılan insanlardan biridir. Onunla sonuncu dəfə Bakıda dörd il bundan əvvəl görüşmüşdük. Amma "Facebook" sosial şəbəkəsində demək olar ki, vaxtaşırı danışırıq. İstanbula gəldiyim andan telefon əlaqəsi qurduğumuzdan onunla görüşməsəydim düzgün olmazdı. Beləcə İstanbulu 5 barmağı kimi tanıyan Cenk bəy bu dəfə məni Nişandaşına aparır. Və biz Arzu ilə görüşürük.

Gedəcəyimiz məkanlar çox olsa da mənim istəyimlə yenidən "Taksim"ə qayıdırıq. Və saat 03:00-a qədər küçədəki kafelərin birində çay içib xeyli söhbətləşirik. Səhər məni daha gərgin iş günü gözlədiyindən hotelə qayıtmaq arzumu dilə gətirirəm. Həm məni, həm də Arzunu mənzil başına çatdıran Cenk bəy "Şahin, qayıdanda Bakıda doyunca yatarsan. Nə qədər ki, İstanbuldasan, yaşadığın hər anın fərqinə var. Bir də kim bilir nə zaman qayıdacaqsan..."

deyib, məni qaldığım hotelə çatdırır. Beləcə özlüyündə model dostum Günayla görüşməyimi sabaha qədər təxirə salıb, yorğun halda yenidən sevimli 610 saylı hotel nömrəmə qalxıb, gözlərimin gördüyü xoş mənzərələrin təəssüratlarından ayrılmamaq şərti ilə dərin yuxuya dalıram...

(ardı var)

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti