Azərbaycan, Bakı, 10 noyabr /Trend/
"Nərimanfilm" kinostudiyasınnın istehsalı olan "Sahə" (The Precinct) bədii filmi XVII Beynəlxalq Kəlküttə kinofestivalının tammetrajlı bədii filmlər üzrə müsabiqə proqramında iştirak edəcək.
"Nərimanfilm" kinostudiyasından cümə axşamı Trend-ə verilən məlumata görə, bu gündən keçirilməyə başlayan festival noyabrın 17-dək davam edəcək. Festival Hindistanın Kəlküttə şəhərində baş tutacaq.
Kəlküttə kinofestivalı Hindistanın ikinci qocaman beynəlxalq festivalıdır. Kinofestivalı Asiyanın ən intellektual festivalı adlandırırlar.
"Sahə" bədii filmi məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır.
Film "Nərimanfilm" (Azərbaycan), "Georgianfilm" və "Bagira Films" (Gürcüstan) studiyalarının müştərək istehsalı olub, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi,ə həmçinin, Paşa Bank-ın iştirakı ilə ərsəyə gətirilib.
Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa ediblər. Ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. Operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze; quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova; bəstəkar Andrey Doynikov; bədii rəhbər Cəmil Quliyev; filmin prodüseri Nəriman Məmmədovdur.