...

Qızıl Şlyager Faiq Ağayevdən qızıl addım (FOTO)

Mədəniyyət Materials 30 Aprel 2012 16:16 (UTC +04:00)
Öz intellektual səviyyəsinə görə bir çox müğənnidən üstün olan xalq artisti Faiq Ağayev xeyirxah təşəbbüs göstərərək, bu günə kimi oxuduğu 600-a qədər kitabdan bir qismini məhbuslara hədiyyə edib.
Qızıl Şlyager Faiq Ağayevdən qızıl addım (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir V.İmanov/

Öz intellektual səviyyəsinə görə bir çox müğənnidən üstün olan xalq artisti Faiq Ağayev xeyirxah təşəbbüs göstərərək, bu günə kimi oxuduğu 600-a qədər kitabdan bir qismini məhbuslara hədiyyə edib. Bu barədə Faiq Ağayevin özü Trend-ə bildirib.

Bununla əlaqədar xalq artisti "Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi" Qeyri-Hökümət Təşkilatına müraciət edərək, bu işi birgə reallaşdırmağı təklif edib. Bu xeyirxah işə dəstək verən adıçəkilən təşkilat xalq artistinin istəyini ədliyyə nazirinin müavini və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyevə çatdırıb. Quliyev də xalq artistinin bu addımını yüksək qiymətləndirərək, öz razılığını bildirib.

"Təşkilatın icraçı direktoru Elçin Salmanovun vasitəsilə bu xeyirxahlığımı reallaşdırmağa nail oldum. Hörmətli Mədət müəllim də bu məsələdə bizə yardımçı oldu. Bununla əlaqədar buradayam. Deyirlər ki, kitab qaldıqca yox, əldən ələ keçib oxunduqca xeyir gətirər. Buna görə də kitablarımı məmnuniyyətlə azadlıqdan məhrum olan insanlara hədiyyə gətirmişəm. Mən kimsəni məhbus olduğuna görə heç vaxt qınamaram. Həyat təcrübədir. Hamımızın səhvi olur. Elə insanlar da var ki, etdikləri ağır səhvlərdən dolayı cinayətə cəlb olunurlar. Bu, o demək deyil ki, o insanlar hər şeydən məhrum olmalıdırlar. Düşünürəm ki, onların düzgün həyata qayıtmalarına şərait yaratmaq üçün müəyyən köməklik göstərilməlidir. Mən ən azından oxuduğum kitabları onlara bəxş etməyimlə dünya görüşlərinin müəyyən dərəcə artmalarına, həyata baxışlarının müsbət yöndə dəyişmələrinə nail olmuş oluram. Bu təşəbbüsü davam etdirmək üçün hər kəsə, xüsusilə də həmkarlarıma müraciət edirəm", - bu gün kitabları Penitensiar Xidmətə təhvil verən Qızıl Şlyager deyib.

Xəbər lenti

Xəbər lenti