Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İsabalayeva/
Almaniyanın NDR kanalının ötən il yayımladığı "Eurovision 2011" mahnı müsabiqəsinin final konserti "Ən yaxşı canlı şou" nominasiyasında "Golden Rose" mükafatına layiq görülüb.
Trend eurovision.az saytına istinadən xəbər verir ki, mükafatın təqdimetmə mərasimi İsveçrədə keçirilib. Final şousunun aparıcılarından olan Ştefan Raaba "İnnovasiya Qızılgül" mükafatı təqdim olunub.
NDR-in baş direktoru Luts Marmor deyib ki, "Eurovision" mahnı müsabiqəsi Avropanın ən böyük televiziya layihəsidir. O, belə beynəlxalq mükafata layiq görüldüklərinə görə çox şad olduqlarını söyləyib.
Qeyd edək ki, bu mükafata 40 ölkə televiziyasından 400 proqram namizəd göstərilmişdi.
"Eurovision layihəsinin bu cür tanınması və mükafata layiq görülməsi bizi çox sevindirir. Bu onu göstərir ki, 57 illik tarixinə baxmayaraq, müsabiqə hələ də populyarlığını itirməyib", - "Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand mükafatla bağlı təəssüratlarını paylaşarkən belə deyib.