...

Bakıda "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılışı olub (FOTO)

Mədəniyyət Materials 11 Dekabr 2012 15:27 (UTC +04:00)
Trend-in məlumatına görə, tədbirdə görkəmli ictimaiyyət xadimləri, diplomatik missiyaların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Bakıda "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılışı olub (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir V.İmanov/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və "YARAT!" Yaradıcılıq Məkanının təşkilatçılığı ilə Bakıdakı Muzey Mərkəzində "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılışı olub.

Trend-in məlumatına görə, tədbirdə görkəmli ictimaiyyət xadimləri, diplomatik missiyaların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Açılışda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, Heydər Əliyev Fondu ölkədə və xaricdə Azərbaycan incəsənətinin təbliğatının inkişafında fəal rol oynayır. Son iki ildə isə Azərbaycanda müasir incəsənətin inkişafında xüsusi rol "YARAT!" təşkilatına məxsusdur.

"Beynəlxalq biennalenin yaradılması mərhum Leyla Axundzadənin adı ilə bağlıdır. Biz gələcəkdə də müasir incəsənəti inkişaf etdirəcəyik. Biennaledə 17 ölkənin 50-dən artıq rəssamının iştirakı ilə böyük proqram təqdim edilib", - Qarayev qeyd edib.

"Biennalenin keçirilməsinin daha bir dəyərli tərəfi odur ki, bu, müxtəlif ölkələrin rəssamları arasında təcrübə mübadiləsi aparmağa, dünya görüşünü genişləndirməyə və qabaqcıl ideyalarla mədəniyyəti zənginləşdirməyə imkan verir" , - Azərbaycan Rəssamlar İttifaqının rəhbəri, xalq rəssamı Fərhad Xəlilov deyib.

Beynəlxalq biennale 2003-cü ildən etibarən iki ildən bir Bakıda keçirilir.

Biennale dünyanın hər yerindən bir çox rəssamları, sənətşünasları, kuratorları cəlb edib. Tədbirlər ölkəmizdə ənənəvi incəsənətlə yanaşı, müasir sənətin inkişafı haqqında da beynəlxalq nüfuza malik olan mütəxəssislərdə ətraflı təsəvvür yaradır.

Biennale, həmçinin Azərbaycanda müasir incəsənətin inkişafına təkan verir.

Azərbaycanın bir çox gənc və istedadlı rəssamları özlərinin ən maraqlı müasir incəsənət əsərlərini ilk dəfə məhz bu biennale çərçivəsində təşkil olunan sərgilərdə nümayiş etdirib, sonradan müxtəlif xarici ölkələrdəki nüfuzlu beynəlxalq sərgilərdə də uğurla çıxış ediblər.

"Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesinin işində 15 qalareya və sərgi meydançası iştirak edəcək: Muzey Mərkəzinin incəsənət qalereyası, "YARAT!" Müasir İncəsənət Məkanı, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi və Birləşmiş Rəssamlar Klubu, Azərbaycan Rəssamlar ittifaqının Vəcihə Səmədov adına sərgi salonu, "ART SALON" müasir incəsənət mərkəzi, "Yeni Gallery" Bakı incəsənət mərkəzi, "Abşeron" qalereyası, "Qız Qalası" qalereyası, "ART Group", "Kiçik QalART", "Bakı" qalereyası, "LN" incəsənət mərkəzi, "Baku Creative Centre", "Art Council", "Yay qalereyesı.".

Biennalenin koordinatoru "YARAT!" təşkilatının yaradıcısı Aida Mahmudova, kuratoru sənətşünas, bədii tənqidçi Dilarə Vahabova, direktoru isə Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ incəsənət sektorunun müdiri Qalıb Qasımovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti